İşğalçı Ermənistan ordusunun daha 2 hərbi qulluqçusu döyüş postunda odlu silah yarası alıb. Xəbəri sosial mediada paylaşanların yazdığına görə, Ermənistan tərəfindən işğal edilən Madagiz yaşayış məntəqəsində döyüş mövqeyində xidmət edən iki ermənistanlı hərbi qulluqçu odlu silahdan açılan atəş nəticəsində yaralanıb.
Postdan qayıdıb silahı boşaldarkən ehtiyatsızlıq səbəbindən avtomatdan açılan atəş nəticəsində yaralandığı iddia edilən Çarents Nazaryan və Armen Arakelyan hərbi hissənin tibb məntəqəsinə yerləşdirilib. Vəziyyətlərinin orta ağır olduğu bilidirilir.
Xəbərdə o da bildirilir ki, ictimaiyyətdən gizlətmək məqsədilə hadisənin səbəblərini qərargah zabitləri özləri araşdırır.
Baki-xeber.com
Artilleriyaçılar öz hərbi hissələrini atəşə tutdu
Ermənistan ordusunda yaşanan başıpozuqluq düşmən cəbhəsi üçün yeni problemlərə səbəb olub.
Baki-xeber.com-un xəbərinə görə, təlim məşqləri zamanı döyüş atışları yerinə yetirən Ermənistan ordusunun artilleriyaçıları səhvən öz hərbi hissələrini bombalayıb. Belə ki, minaatan heyətinin səriştəsizliyi səbəbindən, atılan mərmi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Əsgəran yaşayış məntəqəsi istiqamətində yerləşən tank alayının ərazisinə düşüb. Ölən və yaralananlar barədə hər hansı məlumat verilməsə də, hadisə ilə bağlı cinayət işi açılıb və istintaq tədbirləri həyata keçirilir.
Hərbi xidmətə getmək istəməyən tələbələr aclıq aksiyasına başlayıblar
İrəvanda hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasına etiraz edən tələbələrin aksiyası davam edir. APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, “Elmin İnkişafı Naminə” təşəbbüsünün üzvü David Petrosyan bu gün tələbələrdən 5-nin aclıq aksiyasına başladığını bildirib.
D.Petrosyan da aclıq aksiyası keçirən tələbələr sırasındadır. Aclıq aksiyası edən beş tələbədən dördünün ordu sıralarında xidmət etdiyini nəzərə çatdıran D.Petrosyan deyib ki, onlar bu addımı atmaqla hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılması barədə qanun layihəsinə qarşı mübarizə aparırlar.
Qeyd edək ki, aksiya bir həftədən çoxdur ki, davam edir. İrəvan Dövlət Universitetinin əsas binasının qarşısında toplaşan tələbələr dərslərdə iştirakdan imtina edirlər.
Ermənistan parlamenti birinci oxunuşda “Hərbi xidmət haqqında” yeni qanun layihəsini qəbul edib. Sözügedən qanun layihəsi tələbələrin hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutur.
Xəbər xidməti