Küveyt və Bəhreyn Livanda Baş nazir Saad Həririnin istefasından sonra başlayan siyasi böhran səbəbilə öz vətəndaşlarına buölkəni tərk etmək çağırışı edib.
Baki-xeber.com-un xəbərinə görə, daha öncə analoji çağırışla Səudiyyə Ərəbistanı çıxış edib. Bu barədə SPA agentliyi Səudiyyə Ərəbistanı XİN-dəki mənbəyinə istinadən xəbər yayıb. Mənbə onu da deyib ki, Səudiyyə Ərəbistanı öz vətəndaşlarına Livana səfərdən çəkinməyi tövsiyə edib.
Xatırladaq ki, noyabrın 3-də Livanın Baş naziri Saad Həriri postundan istefa verib. Ər-Riyadda “Əl-Ərəbiyyə” telekanalına açıqlamasında Həriri İranı və “Hizbullah” təşkilatını Livanda və ümumən Ərəb dünyasında nifrət yaymaqda ittiham edib və özünə qarşı sui-qəsdin hazırlandığını bildirib.
Livan prezidenti Mişel Aun isə Həririnin açıqlamasından sonra bildirib ki, siyasətçinin ölkəyə qayıdaraq istefasının səbəblərinə aydınlıq gətirməsini gözləyir. “Hizbullah” rəhbəri Həsən Nəsrullah bu istefanın səbəblərini Səudiyyə Ərəbistanında axtarmağın lazım gəldiyini deyib. Onun sözlərinə görə, Haririni istefa verməyə Səudiyyə Ərəbistanı vadar edib və mümkündür ki, onu həmin ölkədə zorla tuturlar.