Səudiyyə Ərəbistanında antikorrupsiya əməliyyatı çərçivəsində saxlanılan bir sıra məmurların bank hesabları dondurulub. Trend-in məlumatına görə, əməliyyat başlayandan sonra artıq 1200 bank hesabı dondurulub.
Bundan əvvəl bildirildiyi kimi, Krallıqda gözlənilən yeni antikorrupsiya əməliyyatı çərçivəsində 500-dən çox məmur həbs edilə bilər.
Bu arada, Səudiyyə Ərəbistanında korrupsiya ittihamı ilə bağlı həbslərin yeni dalğası başlayıb. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, siyasət və biznes aləminin təmsilçisi olan daha bir neçə nəfər saxlanılıb. Onlardan bəzilərinin 2012-ci ilə vəfat etmiş vəliəhd şahzadə və müdafiə naziri Sultan Bin Əbdüləzizə yaxın adamlar olduğu bildirilir. Həmin şəxslərin banklardakı hesabları da dondurulub.
Qeyd edək ki, noyabrın 4-də Səudiyyə Ərəbistanda aparılan əməliyyat zamanı 11 şahzadə, 4 nazir və onlarla iş adamı saxlanılıb. Əməliyyatdan bir neçə saat sonra ölkənin cənubunda yüksək rütbəli məmurları daşıyan helikopter qəzaya uğrayıb. Qəza nəticəsində şahzadə Mənsur bin Mukrin və digər rəsmi şəxslər - ümumilikdə 9 nəfər ölüb.