Xəbər verildiyi kimi ötən həftə Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Livanın baş naziri Saad Həriri elə bu ölkədə istefa verdiyini açıqlayıb.
Baki-xeber.com xəbər verir ki, baş nazir Riyadda keçirdiyi mətbuat konfransında İran və Livanda çox ciddi təsirə sahib “Hizbullah”ı sərt tənqid edib və özünə qarşı sui-qəsd təhlükəsi olduğunu deyib. Həriri deyib ki, Livanda siyasi vəziyyət 2005-ci ilin fevralı, onun atası, baş nazir Rafiq Həririyə qarşı sui-qəst törədildiyindən bir ay əvvəlki dövrü xatırladır: "Şəhid Rafiq Həririnin sui-qəsdə uğramasından əvvəl baş verən hadisələr təkrarlanır. Məni hədəf alacaq gizli bir planın hazırlandığını hiss edirəm".
Həriri İran və “Hizbullah”ı ölkədə və regionda qarşıdurma yaratmaqda təqsirləndirib. O həmçinin İranı Suriya, İraq, Bəhreyn və Yəmən daxil olmaqla ərəb dövlətlərinin daxili məsələlərinə qarışmaqda təqsirləndirib.
Istefa qərarını Riyadda açıqlayan Saad Həririnin Livana dönməməsi isə ciddi müzakirələrə yol açıb. Livanda nəşr edən “Al Akhbar” qəzeti keçmiş baş nazir Saad Həririnin Səudiyyə Ərəbistanında girov saxlandığını iddia edib. Həririnin siyasi cəhətdən girov götürüldüyünü iddia edən qəzet, onun istefasını "bölgədə Səudiyyə müdaxiləsinin yeni səviyyəsi" kimi xarakterizə edib.
Bu gün isə Səudiyyə Ərəbistanının Körfəz işləri üzrə naziri, “Hizbullah”ın Səudiyyə Ərəbistanına qarşı hərəkətlərinə görə, Livanı müharibə elan edən ölkə kimi görə biləcəklərini deyib. Livan hökumətindən “Hizbullah”ın təcavüzünün məhdudlaşdırılmasını gözlədiklərini söyləyən nazir, Saad Həririnin təzyiq altında istefa verdiyinə dair iddialara da cavab verib. Onun sözlərinə görə, bu iddialar livanlıları dağıtmaq məqsədilə ortaya atılıb.
Ümumiyyətlə son zamanlar Səudiyyə Ərəbistanında gözlənilməz hadisələr baş verir. Belə ki, noyabrın 4-də Yəməndən Səudiyyəyə raket atılmasından sonra, elə həmən gün ölkədə kütləvi həbslər başlayıb. Kral ailəsi üzvü olan 11 şahzadənin, 4 nazirin, bir neçə TV sahibi və iş adamlarının həbsi dünyada ciddi müzakirələrə yol açıb.
Həbs olunanlar arasında ən çox diqqəti çəkən 17 milyard dollar sərvətilə dünyanın ən zəngin 100 adamından biri olan şahzadə Əl Valid bin Talaldır. Səudiyyə Ərəbistanının ilk kralı olan İbn Səud kimi tanınan Əbdüləziz bin Əbdürrəhmanın nəvəsi şahzadə Əl Valid bəlkə də dünyanın ən mühüm investorlarındandır.
Bütün bunların fonunda Livanın baş nazirinin məhz Səudiyyə paytaxtında istefa verməsi ciddi suallara yol açır...
TAHİR