Yaponiya ABŞ istehsallı yeni silahlar alarsa, Koreya Xalq Demokratik Respublikasına məxsus raketləri vura bilər. Trend-in məlumatına görə, bunu Birləşmiş Ştatların Prezidenti Donald Tramp Tokioda Yaponiyanın Baş naziri Sindzo Abe ilə görüşünün yekunu üzrə mətbuat konfransında bəyan edib.
D.Tramp qeyd edib: "Əgər Yaponiya ABŞ-dan əlavə olaraq bir çox hərbi avadanlıqlar alsa, Şimali Koreya raketlərini havada rahat şəkildə vura bilər".
S.Abe isə Yaponiyanın öz müdafiə qabiliyyətini yüksəltmək üçün ABŞ-dan yeni silahlar almaq niyyətində olduğunu təsdiq edib.
Yaponiyanın Baş naziri bəyan edib ki, ABŞ və Yaponiya Koreya Xalq Demokratik Respublikasına maksimum təzyiq göstərmək üçün razılığa gəliblər. O qeyd edib ki, təzyiqdə məqsəd Şimali Koreyanın nüvə işlərinin dayandırılmasıdır: "İndi dialoq xətrinə dialoq aparmağın vaxtı deyil. Artıq Koreya Xalq Demokratik Respublikasına təzyiq göstərməyin vaxtıdır".