İspaniyanın Milli Məhkəmə Palatası Kataloniyanın sabiq rəhbəri Karles Puçdemonun həbsinə Avropa orderi verib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, məhkəmənin qərarı həmçinin Kataloniya hökumətinin 4 sabiq üzvünə də şamil edilir.
Onlar Kataloniya qeyri-qanuni yolla müstəqillik elan etdikdən sonra qiyam, üsyana təhrik etmədə, vəzifə səlahiyyətlərindən sui-istifadədə və itaətsizlikdə ittiham olunurlar. K.Puçdemon və digər kataloniyalı məmurlar noyabrın 2-3-də İspaniyada məhkəməyə gəlməkdən imtina ediblər.
Hazırda Kataloniyanın sabiq rəhbəri Belçikadadır. Avropa qanunlarına uyğun olaraq, Avropa orderi verildikdən sonra K.Puçdemonu Belçika polisi həbs etməlidir.
Prokuror Erik van der Sipt bildirib ki, Belçika prokurorluğu Kataloniyanın sabiq başçısı Karles Puçdemonun həbsi ilə bağlı İspaniyanın müraciətinə baxacaq.
“İspaniya məhkəməsinin qərarına baxılacaq. Yaxın iki gün ərzində müvafiq sənəd hakimə təqdim ediləcək”, deyə prokuror vurğulayıb.