"Rusiya "Türk axını" qaz kəmərinin digər Avropa ölkələrinədək uzadılmasına hazırdır. Ancaq bu, Brüsselin möhkəm hüquqi zəmanət verməsindən sonra baş verə bilər". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa Biznes Assosiasiyasının üzvləri ilə keçirilən görüşdə bildirib.
Onun sözlərinə görə, cənubi və cənub-şərqi Avropa dövlətlərinin “mavi yanacağa” artan tələbatı "Türk axını" qaz kəmərinin Avropa ərazisinə ikinci xəttinin uzadılmasını təmin edə bilər: "Biz, Avropa İttifaqının bəzi ölkələrinin hökumətlərində buna marağını görürük. Siz də buna hazırsınız. Lakin "Cənub axını" ilə bağlı uğursuz təcrübəni nəzərə alsaq, o zaman ancaq Brüssel tərəfindən möhkəm hüquqi zəmanət aldıqdan sonra "Türk axını"nın Avropa İttifaqı ərazisinə uzadılmasına hazır olacağıq".