Ermənistan ordusunda növbəti qanlı insident baş verib. Trend-in məlumatına görə, Azərbaycanın işğal olunmuş Ağdərə rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun taborlarından birində növbəti qanlı insident baş verib. Gecə saatlarında iki hərbi qulluqçu arasında başlayan mübahisə sonradan qan tökülməsinə səbəb olub.
Təhqirlərə dözməyən Artur Xaçaturyan xidmət yoldaşına avtomat silahdan atəş açıb.
A.Xaçaturyanın güllələdiyi hərbi qulluqçunun öldüyü, yaxud hələ yaşadığı barədə məlumat əsgərin valideynlərdən də gizlədilir.
Hadisə ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin istintaq idarəsi tərəfindən araşdırma başlayıb.
Bundan başqa Ermənistan Ordusunun hərbçiləri xidmət yerini özbaşına tərk ediblər. Ermənistan Ordusunda hökm sürən qanunsuzluqlar səbəbindən hərbi qulluqçular xidmət yerlərini özbaşına tərk edirlər. Bu günlərdə hərbi hissəni özbaşına tərk edən hərbi qulluqçular Harut Melikyan və Rudik Hakopyan barəsində cinayət işi başlanıb.
Eyni zamanda məlumatda Ağdərə istiqamətində yerləşən işğalçı ordunun zabitləri baş leytenant Ara Mezlaxanyan (hərbi xidmətə Gexarkunuk vilayətinin Çəmbərək rayonundan çağırılıb) və taqım komandiri Hayk Martirosyanın da xidmətdən yayınmaq məqsədilə hərbi hissəyə qayıtmadıqları bildirilir.
Xidmətdən yayınan hərbçilərlə bağlı axtarış və istintaq tədbirləri aparılır.