İspaniyanın separatçı Kataloniya regionunda iğtişaşın baş verdiyi bir vaxtda, bazar günü İtaliyanın iki zəngin regionunda insanlar Romadan daha çox muxtariyyət əldə etmək lehinə səs verib. Referendumlar turistlərin çox olduğu Venesiyanın yerləşdiyi şimali Veneto regionu, eləcə də İtaliyanın maliyyə paytaxtı Milan şəhərinin yerləşdiyi bir digər şimal region Lombardiyada keçirilib.
Sözügedən regionlar ikisi birlikdə ölkənin milli sərvətinin 30 faizini təmin edir. Hər iki vilayətin qubernatorları Şimal Liqasına daxildir. Bu qurum İtaliyanın zəngin şimal regionları hesabına ölkənin nisbətən yoxsul cənub hissəsinin maliyyələşdirilməsindən narazıdır.
Romadakı mərkəzi hökumət referendumların keçirilməsinə ehtiyacın olmadığını qeyd edib. Ancaq ölkə konstitusiyası belə referendumların keçirilməsinə icazə verir.
Bu iki regionun liderləri daha vergi gəlirlərinin daha çox hissəsini saxlamaq və təhsil, immiqrasiya, təhlükəsizlik, ətraf mühit kimi məsələlərdə daha çox söz sahibi olmaq istəyirlər.
Hər iki ərazinin prezidenti səsvermədə iştirak edənlərin 90 faizindən çoxunun muxtariyyət lehinə səs verdiyini deyir. Rəsmi nəticələrə görə də seçicilərin 95 faizi muxtariyyətin lehinə səs verib.
“Mən nəticəyə görə çox sevinirəm və indi qarşımda çox mühüm öhdəliyin olduğunu dərk edirəm. Bu isə Lombardiya xalqının arzusunu yerinə yetirmək, yəni Romaya gedib daha çox səlahiyyət və vəsait əldə etməkdir”, deyə italiyanın Lombardiya regionunun prezidenti Roberto Maroni bildirib.
Hər iki referendumun nəticələri qeyri-məcburidir.
Maroni İtaliyadakı referendumun İspaniyadakı Kataloniya müstəqilliyi referendumundan fərqli olduğunu vurğulayır.
"Biz Kataloniya deyilik", deyən Maroni bildirir: "Biz İtaliya tərkibində qalaraq, daha geniş muxtariyyət istəyirik, Kataloniya isə Avropa İttifaqının 29-cu üzvü olmaq istəyir. Biz isə, yox… İndi, yox".