"İranın nüvə proqramı ilə bağlı sazişi dəyişmək cəhdləri bu sənədi dəfn edə bilər". APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada nüvə silahının yayaılmaması ilə bağlı keçirilən konfransda bildirib.
"Hesab edirəm ki, İranın nüvə proqramı ilə bağlı razılaşmaya hər hansı bir dəyişiklik "altılıq" üzvlərinin və əlbəttə ki, İran İslam Respublikasının razılığını tələb edir. Avropalı həmkarlarım kimi, mən də əminəm ki, İranın nüvə proqramı ilə bağlı sazişi dəyişməyə edilən bütün cəhdlər strateji sabitlik və nüvə silahının yayılmaması sahəsində olan vacib razılığı dəfn edə bilər", - deyə Rusiya XİN başçısı qeyd edib.
Xatırladaq ki, İran ilə beynəlxalq vasitəçilər olan "altılıq" arasında (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və Almaniya) 2015-ci il iyulun 14-də İranın çoxillik nüvə probleminin nizamlanması ilə bağlı tarixi saziş imzalanıb və birgə hərtərəfli fəaliyyət planı qəbul olunub. Nəticədə BMT Təhlükəsizlik Şurası və Avropa İttifaqı tərəfindən İrana qarşı əvvəllər tətbiq olunmuş iqtisadi və maliyyə sanksiyaları ləğv edilib. ABŞ isə sanksiyaları bir qədər yumşaldıb.
"ABŞ-ın Avropadakı nüvə silahları geri qaytarılmalıdır"
"Moskva ABŞ-ın Avropada yerləşən nüvə silahlarının geri qaytarılmasının tərədarıdır". Bunu da Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. "Ardıcıl olaraq Amerikanın nüvə silahının milli əraziyə çıxarılmasının, NATO-nun "birgə missiyası"ndan imtina edilməsinin tərəfdarıyıq", - deyə o, söyləyib.
S. Lavrov Rusiyanın nüvə silahının qadağan olunması ilə bağlı başqa müqavilələrə qoşulmaq niyyətində olmadığını da vurğulayıb: "Moskva nüvə silahını qadağan olunması ilə bağlı Nüvə Silahının Yayılmaması haqqında Müqavilədən (NSYM) başqa heç bir müqviləyə qoşumaq niyyətində deyil. Təəssüflə qeyd etməyə məcburuq ki, bir sıra razılaşmalar üçün hüquqi baza olan Nüvə Silahının Yayılmaması haqqında Müqavilə ilə yaradılan rejim çox mürəkkəb dövrünü yaşayır, ciddi sınaqlara məruz qalır. Bunun səbəbləri ayrı-ayrı ölkələrin hamı tərəfindən tanınmış norma və qaydaları şübhə altına alması, öz dar maraqları naminə istifadə cəhdi ilə əlaqədardır".