Fatimə Hacıbəyli: “Hazırda ölkəmizdə 6 uşaqlı ailəyə nadir rastlanır, bu səbəbdən də…”
Azərbaycan qanunvericiliyində 5 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab olunur. Hazırda ölkəmizdə beşdən çox uşağı olan qadınlara dövlət tərəfindən hər uşağa görə aylıq müavinət verilir.
Məlumat üçün bildirək ki, çoxuşaqlı ailələrin sayı ildən-ilə azalır. Statistik rəqəmlərə əsasən, 23 150 olan beşuşaqlı ailələrin 11 313-ü şəhərdə, 11 837-si kənd yerlərində yaşayır. Altıuşaqlı ailələrin sayı 9 332-dir. Ölkədə yeddi və daha çox uşağı olan 6 837 ailə mövcuddur.
Bildirək ki, Azərbaycanda çoxuşaqlı ailə anlayışının beşdən üçə endirilməsi Milli Məclisdə müzakirə edilir. Maraqlıdır, demoqrafik proseslər baxımından dövlətin buna ehtiyacı varmı? Bu qərar ölkədə doğum səviyyəsini artıra bilərmi?
“Çoxuşaqlılıq meyarı yenidən müzakirə edilə, kriteriyalar yumşaldıla bilər, bu, əhalinin təbii artım tempini stimullaşdıra bilər”
Sosioloq Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda çoxuşaqlı ailə kriteriyaları da yumşaldılmalıdır: “Mövcud qanunvericiliyə görə, çoxuşaqlı ailə 5-dən artıq uşağı olan ailələr hesab edilir və dövlət bu halda onlara və uşaqların himayədarına hər uşağa görə 105 manat sosial müavinət ödəyir. Lakin razılaşarsınız ki, hazırda ölkəmizdə 6 uşaqlı ailəyə nadir rastlanır. Çoxuşaqlılıq meyarı yenidən müzakirə edilə, kriteriyalar yumşaldıla bilər. Bu, əhalinin təbii artım tempini stimullaşdıra bilər. Bu məsələdə həm dövlət, həm də cəmiyyət maraqlı olmalıdır. Onu da deyim ki, çoxuşaqlı ailələrdə daha çox mehribançılıq müşahidə olunur, nəinki azuşaqlı ailələrdə. Müasir dünya elədir ki, insanlar daim məşğuldur. Təsəvvür edin, sosial tərəfdən böyük internet sferası var, orada imkanlar genişdir. Bir insanın evə gələndə ancaq televizora baxmaq üstünlüyü yoxdur. İnsanlar o qədər məşğuldur ki, evə gələndə yoldaşı ilə danışmağa motivasiyası olmur. Təəssüflər olsun ki, təkuşaqlı ailələrdə bu problem daha çox olur. Uşaqlar 2-3 yaş intervalla olduqda, bir-birlərinə yardımlaşma prinsipi ilə böyüyürlər. Valideynlər “uşaqların tərbiyəsinə çox vaxt gedir”, “uşaqların maddi-mənəvi problemləri yaranır” kimi arqumentlər gətirirlər. Təbii ki, bəzilərinin haqlı tərəfləri var. Amma hamı belə deyil. Sayları nə qədər çox olarsa, uşaqlar sosiallaşmağa doğru daha yaxşı addım ata bilərlər”.
Günel CƏLİLOVA