Litvanın "INTA" şirkətinin nümayəndələri Azərbaycan-Litva biznes forumu səfəri çərçivəsində Gömrük Akademiyasında olublar - FOTO

img

Litvanın "INTA" şirkətinin nümayəndələri Azərbaycan-Litva biznes forumu səfəri çərçivəsində Gömrük Akademiyasında olublar. Dövlət Gömrük Komitəsinin Akademiyasında qarşılıqlı maraq doğuran sahələr üzrə ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə təşkil edilən görüşdə Dövlət Gömrük Komitəsinin və Akademiyanın rəhbərliyi, əməkdaşları, “INTA” QSC-nin nümayəndələri iştirak ediblər.

Dövlət Gömrük Komitəsinin sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev qonaqları salamlayaraq iki ölkənin gömrük orqanları arasındakı səmərəli, işgüzar münasibətlərdən və perspektivlərdən söz açıb. Sədr müavini keçirilən görüşün gömrük təlimləri və tədqiqatları sahəsində əməkdaşlığa töhfə verəcəyinə, qarşılıqlı əlaqələri daha da gücləndirəcəyinə əminliyini ifadə edib.

“INTA” QSC-nin baş direktoru Vitautas Vitkausas da öz növbəsində səmimi qarşılanmaya görə təşəkkürünü bildirərək təmsil etdiyi şirkətin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Rəhbərlik etdiyi müəssisənin strateji hədəfləri barədə danışan baş direktor bu istiqamətdə Akademiya ilə əməkdaşlığa xüsusi önəm verdiklərini qeyd edib.

Sonra Akademiyanın rəis müavini, gömrük xidməti polkovnik-leytenantı Cəmilə Namazova Akademiyanın fəaliyyət istiqamətləri, tədris prosesi, bakalavriat və magistratura ixtisasları barədə məlumat verərək gömrük sahəsində də ikitərəfli akademik əməkdaşlığın qurulması və inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Gömrük Akademiyasının beynəlxalq əməkdaşlıq üzrə koordinatoru Elvin Mecidov Akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələr və layihələr haqda, xüsusilə, gömrük xidmətində kadr potensialının gücləndirilməsi istiqamətində Litva qurumları ilə inkişaf etdirilən təlim əməkdaşlığı haqqında geniş təqdimatla çıxış edib.

Görüşdə həmçinin “INTA” şirkətinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib və sonda qarşılıqlı simvolik hədiyyələr təqdim olunub.

Daha sonra qonaqlar Akademiyada yeni yaradılan linqafon kabineti, müasir texniki nəzarət vasitələri ilə təmin olunmuş auditoriyalarla tanış olublar.

Görüş çərçivəsində INTA-nın Layihələr departamentinin direktoru Donatas Limantasın Akademiyada ixtisasartırma təlimlərində iştirak edən gömrük xidməti əməkdaşlarına “Yük skanerlərinin təsvirlərinin təhlili və təhlükəli obyektlərin tanınması” mövzusunda seminarı təşkil edilib. Gömrük nəzarətinin risk analizləri sistemi əsasında həyata keçirildiyini, texniki nəzarət vasitələrinin tətbiqi sisteminin əsas prioritet sahələrdən olduğunu vurğulayan D. Limantas təlim iştirakçılarına yük nəqliyyat vasitələrinin analizləri, gömrük keçid məntəqələrində istifadə edilən rentgen skanerlərin işləmə prinsipi, imkanları və məhdudiyyətləri, sərnişin nəqliyyat vasitəsi təsvirinin analizi və digər mövzular barəsində ətraflı məlumat verib.

Seminarda həmçinin mövzu üzrə iştirakçıları maraqlandıran suallar təlimçi tərəfindən ətraflı cavablandırılıb.

Peşə etikası

Son xəbərlər