Qazinin adı əvvəl veteranlar siyahısında olsa da, sonra çıxarıldı - Nərimankənd sakini...

img

“Vətən müharibəsi başlanandan ön cəbhəyə yollanmışam. Füzuli, Xocavəndin işğaldan azad edilməsində iştirak etmişəm. Sanitar-təlimatçı vəzifəsində olmuşam, amma bu, sadəcə sənəddə yazılandır. Əslində döyüş müddətində avtomat əlimdən düşməyib. Lakin hələ də veteranlıq statusu ala bilmirəm”. Bunu Biləsuvar rayonunun Nərimankənd sakini Nuriyev Paşa İbrahim oğlu deyir.

Qazinin sözlərinə görə, əvvəlcə adı veteranlıqla bağlı siyahıda olsa da, sonradan çıxarılıb: “DSMF-nin Biləsuvar şöbəsində yoxlatdırmışdım, bu il yanvarın 1-dən mart ayının 14-dək siyahıda adım var idi. Elə hazırlaşırdım gedim kartımı alım, dedilər ki, artıq adın silinib. Martın 19-da Müdafiə Nazirliyinə getdim, dedilər ki, sən müharibədə sanitar-təlimatçı olduğuna görə TƏBİB-ə bağlısan. Bir də onu dedilər ki, məsələ həll olunacaq. Lakin 2 aydan çox keçib, hələ də həll olunmayıb. Mənə veteranlıq statusu verilmir, amma mənimlə eyni gündə eyni hərbi hissəyə gedən və eyni vaxtda qayıdan qonşum var. O, artıq 3 aydır ki, veteranlıq ödənişi alır”. 

  • TƏBİB: “Agentlik bütün aidiyyəti şəxslərin sənədlərini toplayaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edib”

Qazinin şikayəti ilə bağlı TƏBİB-dən bildirildi ki, Agentlik bütün aidiyyəti şəxslərin sənədlərini toplayaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edib: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tabeliyində olan tibb müəssisələrində çalışan, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər barədə siyahını və təsdiqedici məlumatları hazırlayaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edib. Həmin şəxslər barədə siyahı və təsdiqedici məlumatlar - hərbi biletlərin surəti, şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən digər sənədlər TƏBİB-in tabeliyində olan tibb müəssisələrindən toplanıb, düzgünlüyü yoxlanılıb”.

  • Rasim İsgəndərov: “Döyüşdə iştirak etmiş, yaralanmış, lakin əlillik dərəcəsi olmayan şəxslərə də veteran statusu veriləcək”

Hərbi ekspert Rasim İsgəndərov qeyd etdi ki, veteran adının verilməsi ilə bağlı işlər davam edir: “Döyüşdə iştirak etmiş, yaralanmış, lakin əlillik dərəcəsi olmayan şəxslərə də veteran statusu veriləcək.

Zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsinə xüsusi qayğı və həssaslıqla yanaşılır. Müalicələri bitəndən sonra hərbi həkim komissiyası rəy verir ki, onların yaralanması Azərbaycan Respublikasının müdafiəsi zamanı qeydə alınıb. Bu rəy əsasında isə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edirlər. Bəzi qazilərimizin əlillik dərəcələrinin hələlik müəyyənləşməməsi yalnız müalicə prosesinin davam etməsi ilə əlaqədardır. Burada başqa bir şey axtarmaq lazım deyil”.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər