Bəhruz Quliyev: “Rubionun Transxəzərlə bağlı qəti cavabı bir sıra strateji mesajlar verir”
“5 Mərkəzi Asiya ölkəsini Xəzər vasitəsilə Azərbaycanla əlaqələndirəcək təbii qaz interkonnektorunun inşası ABŞ-ın maraqlarına cavab verə bilər”. Bunu ABŞ Senatında keçirilən dinləmədə ABŞ dövlət katibi Marko Rubio senator Stiv Deynsin sualını cavablandırarkən deyib.
O, interkonnektorun inşası üçün cəmi 20 milə ehtiyac duyulduğunu, bununla nəhəng qaz ehtiyatlarına malik Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışının təmin edilə biləcəyini qeyd edib.
“Mərkəzi Asiya ölkələrinin nəhəng potensialı var və mən bunun istifadə edilmədiyinə inanıram. Buna nümunə Transxəzər boru kəmərinin olmamasıdır. Beş Mərkəzi Asiya ölkəsini Xəzər dənizi vasitəsilə Azərbaycanla, buradan isə Avropa ilə əlaqələndirəcək interkonnektor üçün cəmi 20 milə ehtiyac var. Ancaq Xəzər dənizi vasitəsilə bir çıxış var. Siz düşünmürsünüzmü ki, 20 mil uzunluğundakı bu interkonnektor ABŞ-ın və müttəfiqlərinin maraqlarına cavab verə bilər?”, - senator Stiv Deyns Marko Rubioya sual ünvanlayarkən deyib. Dövlət katibi Rubio cavabında senator Deynsin sözlərini təsdiqləyib. “Düşünürəm ki, cavab “bəli”dir. ABŞ şirkətləri, müttəfiq şirkətlər bu səylərə potensial olaraq töhfə verə bilərlər. Bu şirkətlər bizə həmin boşluğu doldurmağa kömək edə və ehtiyac duyulan podratçı işlərini təmin edə bilərlər”, - Rubio deyib.
Belə görünür ki, ABŞ Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya ötürülməsini dəstəkləyir, bununla bağlı siyasi iradə var və yaxın illərdə bu prosesə start verilə bilər. Maraqlıdır, bütün bunlar nə dərəcədə realdır?
“Bu o deməkdir ki, ABŞ artıq Cənubi Qafqaz və Mərkəzi Asiya bölgəsində enerji təhlükəsizliyi məsələlərinə...”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyevin fikrincə, prinsipcə bu mümkündür: “Vaşinqtonun son mesajları göstərir ki, Xəzər dənizinin altından keçəcək, uzunluğu cəmi 20 mil olan Transxəzər interkonnektor layihəsi artıq ideya mərhələsindən çıxaraq, beynəlxalq siyasi iradənin gündəminə daxil olmaqdadır. ABŞ Senatında keçirilən dinləmələrdə senator Stiv Deynsin bu məsələni dövlət katibi Marko Rubioya birbaşa sual formasında ünvanlaması və Rubionun buna “Bəli, bu bizim maraqlarımıza tam cavab verir” kimi qəti cavabı bir sıra strateji mesajlar verir. Bu o deməkdir ki, ABŞ artıq Cənubi Qafqaz və Mərkəzi Asiya bölgəsində enerji təhlükəsizliyi məsələlərinə yalnız müşahidəçi kimi deyil, həm də iştirakçı tərəf kimi yanaşır. ABŞ şirkətlərinin bu layihəyə cəlb edilə biləcəyi mesajı isə həm də bu iqtisadi layihənin geosiyasi çəkisinin artdığını göstərir. Başqa bir tərəfdən, bu interkonnektor vasitəsilə, Türkmənistan başda olmaqla, 5 Mərkəzi Asiya ölkəsinin Azərbaycan üzərindən Avropaya çıxışı təmin oluna bilər. Bu isə nəinki bölgə üçün, eyni zamanda Avropa enerji təhlükəsizliyi üçün də strateji əhəmiyyət daşıyır. Qaz təchizatında Rusiyadan asılılığın azaldılması fonunda bu layihə həm Brüsselin, həm də Vaşinqtonun ortaq maraqlarına tam cavab verir. Ən mühümü, bu layihənin həyata keçməsi Azərbaycanın enerji və tranzit mərkəzi rolunu daha da gücləndirəcək. Xəzərdən keçəcək cəmi 20 millik boru kəməri ilə həm regional əməkdaşlıq güclənəcək, həm də Azərbaycanın beynəlxalq tərəfdaşları ilə mövqeləri daha da möhkəmlənəcək. Bəli, bu gün artıq siyasi iradə var. ABŞ-ın yüksək səviyyəli rəsmiləri tərəfindən səsləndirilən bu dəstək açıq mesajdır: “Biz bu layihəni istəyirik və buna hazırıq.” İndi isə növbə bölgə ölkələrinin strateji qərar verməsinə və prosesə konkret startın verilməsinə qalır. Nəticə etibarilə, bu layihə sadəcə energetik məsələ deyil - bu, yeni enerji oyununun başlanğıcı, yeni geopolitik xəritənin cızılmasıdır. Və bu xəritədə Azərbaycan əsas mərkəzlərdən biri kimi mövqeyini bir daha təsdiqləyəcək”.
Vidadi ORDAHALLI