"Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Səudiyyə Ərəbistanında keçirilmiş ABŞ-Rusiya danışıqları ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
Səudiyyə Ərəbistanında 4,5 saat davam etmiş ABŞ-Rusiya danışıqlarını həm uğurlu, həm də uğursuz saymaq lazımdır. Ukrayna mövzusunda danışıqlar hələ bir neçə gün öncəki statusumda dediyim kimi heç bir nəticə vermədi. Bəlkə də müəyyən təbliğat mərkəzləri bu istiqamətdə hansısa nəticələrdən dəm vuracaqlar. Ancaq hər şeyin öz adı var.
Rusiya-ABŞ danışıqları Rusiya-Ukrayna sülhü mövzusunda nəticəsiz qaldı. Niyə bunu iddia edirəm?
1. ABŞ-ın dövlət katibi və danışıqlarda iştirak etmiş Rubio görüşdən sonra tam birmənalı dedi ki, həm Ukrayna, həm də Rusiya güzəştə getməyi bacarmalıdır. Bunun nə demək olduğuna dair şərhə ehtiyac var? Yox! Çünki Rubionun dediklərinin mənası odur ki, heç bir razılaşma əldə olunmayıb. Razılaşma əldə olunsaydı, deməzdi ki, hər iki tərəf güzəştə getməyi bacarmalıdır. Belə çıxır ki, Lavrov və Rubio Səudiyyə paytaxtına boş yerə gediblər.
2. Ankarada Ukrayna prezidenti Zelenski ilə görüşən Türkiyə prezidenti Ərdoğan bəyan etdi ki, Ukrayna-Rusiya-ABŞ danışıqları üçün ən ideal məkan Türkiyədir. Demək, Ərdoğan da Səudiyyədəki zirvə danışıqlarının iflasa uğradığını bilir və bu səbəbdən danışıqlar üçün yeni məkan olaraq Türkiyəni təqdim edir. Guya danışıqların harada olmasının nəticə üçün əhəmiyyəti var imiş... Bu mənada danışıqlar Ankarada keçirilsə belə, nəticə yenə də sıfır olacaq. Çünki bu danışıqların uğurlu olması üçün zəruri şərtlər var ki, bunlar hələ yetişməyib.
Ancaq 4,5 saatlıq Rusiya-ABŞ danışıqlarının bu iki ölkənin münasibətlərinin nizama salınması baxımından nəticəsi var. Belə ki, razılaşma əldə etdilər ki, bu 2 ölkədə səfirliklərin tam fəaliyyəti bərpa olunsun. Vəssalam...
Bəs sonra nə baş verəcək? Müəyyən fasilədən sonra mümkündür ki, Putinlə Tramp görüşsün. Lakin bilmək lazımdır ki, Rusiya-Ukrayna müharibəsi sülhü zəruri edən məntiqi zirvəyə hələ çatmayıb...
Müharibə davam edəcək...
Daha dəhşətli, daha qanlı...
Tahir TAĞIYEV