Alman müdafiə şirkəti “Rheinmetall”ın baş direktoru Armin Papperger bildirib ki, Avropa müdafiəyə kifayət qədər sərmayə qoymadığı üçün Ukrayna ilə bağlı danışıqlarda “uşaq masası”nın ümidinə qalıb. Papperger Ukrayna ilə bağlı sülh danışıqlarında kənarda qalmağın Avropanın öz günahı olduğunu deyib.
"Əgər sərmayə qoymasan, güclü olmasan, səninlə uşaq kimi davranacaqlaq. Avropa son 30 ildə ÜDM-in cəmi 1%-ni müdafiəyə xərcləməyin kifayət olduğuna inanaraq rahat mövqedə qaldı” – deyə Papperger bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı bu gün tarixi sammitə ev sahibliyi edir. Rusiya-Ukrayna müharibəsinə son qoymaq istəyən ABŞ və Rusiya nümayəndə heyətləri Ər-Riyadda bir araya gəlib. ABŞ-da Tramp administrasiyasının gəlişi ilə 24 fevral 2022-ci ildə Rusiya qüvvələrinin Ukrayna ərazisinə daxil olması ilə başlayan və 3 ildir davam edən müharibə ilə bağlı Vaşinqtonun mövqeyində ciddi dəyişiklik müşahidə edilməyə başlandı. Bu gün müharibəyə son qoymaq üçün qurulan masa arxasında ABŞ və Rusiya danışıqlara başlayıb.
Tramp administrasiyası vurğulayır ki, Ukrayna NATO-ya üzv olmamalıdır, müharibə bitdikdən sonra isə təhlükəsizlik zəmanəti NATO deyil, Avropa ölkələri tərəfindən verilməlidir. Ağ Ev həmçinin NATO-nun Avropadakı müttəfiqlərinin qitənin müdafiəsi üçün bütün məsuliyyəti öz üzərinə götürməsini istəyir.
Qərbdə müttəfiqlər arasında mübahisəyə çevrilən digər məsələ isə sülh danışıqlarında Avropanın kənarda saxlanmasıdır. Bu arada, Avropa İttifaqı liderləri Parisdə fövqəladə sammitdə Tramp administrasiyasının Moskva ilə Avropanı xaric etməklə danışıqlar aparmaq planını müzakirə ediblər. Sammitdən sonra konkret qərarlar açıqlanmasa da, Aİ və NATO rəsmiləri müdafiə xərclərinin artırılması və Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinin zəruriliyi ilə bağlı razılığa gəldiklərini bildiriblər. Avropa ölkələri ABŞ-ın Ukraynadakı proseslərdən müstəqil hərəkət edəcəyi təqdirdə öz müdafiə strategiyalarını gücləndirməyə çalışacaq, NATO-nun baş katibi Mark Rutte isə müttəfiqləri orduya daha çox sərmayə qoymağa çağırıb.
TAHİR