“Sizi və bütün Azərbaycan xalqını Qarabağda qazanılan böyük qələbə münasibətilə təbrik etmək istəyirəm. Sizin müdrik, balanslaşdırılmış siyasətiniz, igid əsgərlərimizin qəhrəmanlığı Azərbaycan xalqının əzablarına birdəfəlik son qoyacaq, talan edilmiş torpaqları və dağıdılmış evləri çiçəklənən torpaqlara çevirəcək, minlərlə qaçqını ata-baba yurdlarına qaytaracaqdır.
Mən Latviyada doğulmuşam və bütün ömrüm boyu bu diyarlarda yaşamışam. Valideynlərim adımı böyük Azərbaycan şairi Vaqifin şərəfinə qoyublar, mən də daim bununla qürur duymuşam.
Azərbaycanda baş verənləri hər zaman maraqla izləyirəm. Müstəqillik illərində Azərbaycanın keçmiş Sovet respublikaları ilə müqayisədə əhalisinin sayının iki dəfə artması, yaşayış səviyyəsinin yüksəlməsi ölkədə insanlara böyük qayğıdan xəbər verir.
Ancaq təəssüf hissi ilə qeyd edim ki, qələbələrimizə, qazandığımız uğurlara bəziləri sevinmir. Ölkəmizin həqiqətlərini, uğurlu siyasətini təhrif edən, nailiyyətləri qiymətləndirməyən və Azərbaycan xalqına qarşı törədilən dəhşətli cinayətlərə susan insanlara televerilişlərdə söz verilməsini qınayıram.
Sizinlə həmrəy olduğumu bildirir, Sizə cansağlığı, Azərbaycan xalqına firavanlıq arzulayıram”.
Bu fikirləri Prezident İlham Əliyevə müraciətində Latviya Respublikasının Riqa şəhərindən təqaüdçü Vaqif Musayev qeyd edib.
Baki-xeber.com