“Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur və Azərbaycanda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Bu gün Qarabağ bölgəsində yaşayan ermənilər də, əminəm, bunu artıq başa düşürlər ki, onlar ancaq Azərbaycan dövləti çərçivəsində normal yaşaya bilərlər”.
Bunu Prezident İlham Əliyev yanvarın 5-də Anar Kərimovu Mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı deyib.
Prezident onu da qeyd edib ki, azad edilmiş torpaqlarda hər tərəf dağıdılıb. Amma bəzi tikililər var, bəzi evlər var ki, orada ermənilər yaşayıb: “Adam baxanda məəttəl qalır ki, orada insanlar necə yaşayıblar? Elə bil ki, it damıdır. Ermənistan rejimi bu adamları faktiki olaraq belə səfalət içində, belə yoxsulluq içində girov kimi saxlayaraq məcbur edirdi ki, orada yaşasınlar. Məcbur edirdi! Kimin imkanı var, qaçıb gedirdi. Ona görə mən həmişə deyirdim ki, müharibədən əvvəl orada – işğal edilmiş torpaqlarda yaşayan erməni əhalisinin real sayı təqribən 60 min ətrafında idi. İndi, bax, müharibədən sonrakı bu vəziyyət bunu göstərir. Ermənilər bu rəqəmi süni şəkildə şişirdirdilər, guya ki, orada 150 min adam var. Maksimum altmış min civarında idi. Onları da güc-bəla ilə orada saxlayırdılar ki, qanunsuz məskunlaşma getsin. Onlar nə gündə yaşayırdılar?! Onlar vəhşi rəhbərləri tərəfindən dağıdılmış Ağdam, Füzuli, Şuşa, digər şəhərlər canlananda, o yerlər cənnətə çevriləndə görəcəklər ki, əlbəttə, harada yaşamaq rahat, təhlükəsiz və iqtisadi cəhətdən sərfəli olar”.
“Ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib bizimlə birgə insan kimi yaşaya bilərlər, belə olarsa...”
Ermənilərin bizimlə yaşamaq istəməsi fikrinə münasibət bildirən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Prezident dəfələrlə öz açıqlamalarında, xalqa müraciətində işğal altında olan ərazilərin ermənilər tərəfindən yerlə yeksan edildiyini bildirib: “Prezident çıxışı zamanı onu da qeyd edib ki, ermənilərin yaşadığı bəzi kənd və qəsəbələrdə yaşayış şəraiti olduqca bərbaddır. O evlər o dərəcədə bərbad halda idi ki, heç itdə belə orada yaşamazdı. Ermənilər həmin ərazidə daimi yaşayacaqlarını düşünmədikləri üçün orda daşı daş üstünə qoymayıblar. O üzdən evlər bərbad halda idi. Onu da nəzərə almaq lazımdır ki, işğalçı ölkənin sosial-iqtisadi vəziyyəti ağır olduğu üçün onlar həmin evləri yaşanılacaq hala gətirməyiblər. Sevindirici haldır ki, biz ərazi bütövlüyümüzü bərpa etmişik. Onlar birgə yaşayışa məhkumdurlar. Dağlıq Qarabağ ərazisini yalnız Azərbaycanın tərkib hissəsi kimi bütün dünya tanıyırsa, onlar bizimlə birgə yaşamalıdırlar. Ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib bizimlə birgə insan kimi yaşaya bilərlər. Belə olarsa, Azərbaycan dövləti digər azsaylı xalqlar kimi onlara da himayə duracaq. Razı olmazlarsa, onlar o zaman bizim torpaqlarımızı tərk etməli olacaqlar”.
Günel CƏLİLOVA