“Biz UNESCO ilə bundan sonra da əməkdaşlıq etməyə hazırıq. Ancaq bir şərtlə ki, UNESCO öz beynəlxalq statusunu saxlasın. UNESCO hər hansı bir ölkənin filialı deyil. Əgər bu yanaşma bizim münasibətlərimizdə üstünlük təşkil edərsə, əməkdaşlıq olacaq. Əgər yox, olmayacaqsa, bu əməkdaşlığa yenidən baxmaq olar. Hər halda bizim niyyətimiz təmizdir. İkili standartlardan, islamofobiyadan, ayrıseçkilikdən azad olan münasibətlər olmalıdır”.
Bunu Prezident İlham Əliyev yanvarın 5-də Anar Kərimovu Mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib: “Mən bir məsələyə də toxunmaq istəyirəm. Siz uzun illər Azərbaycanı UNESCO-da təmsil etmisiniz. UNESCO-Azərbaycan əlaqələri haqqında kifayət qədər məlumatlısınız. Bu əlaqələrin inkişafı üçün öz səylərinizi göstərmisiniz. Sizi nazir müavini və indi nazir vəzifəsinə təyin etmək, eyni zamanda, əldə etdiyiniz təcrübəyə də əsaslanır. Yəni UNESCO ilə bizim çox məhsuldar, səmimi münasibətlərimiz var və ümid edirəm ki, bu münasibətlər qorunacaq. Üç baş katiblə mənim görüşlərim olub. İndiki baş katib Bakıda olarkən bir dəfə görüşmüşəm, amma ondan əvvəlki iki baş katiblə mənim bir çox görüşlərim olub. Onlar dəfələrlə Azərbaycanda olublar. UNESCO-Azərbaycan əlaqələrinin inkişafında onların böyük rolu var. Ona görə UNESCO-da Azərbaycanın dünya mədəni irsinə verdiyi töhfələr haqqında kifayət qədər geniş məlumat var. Biz təkcə Azərbaycanda yox, bəzi ölkələrdə müxtəlif layihələr icra etmişik. O cümlədən həm müsəlman, həm xristian dini abidələrinin bərpasında fəal rol oynamışıq. Azərbaycanda multikultural cəmiyyətin nümunəsi bir çox ölkə üçün örnək olmalıdır. Bunu mən demirəm, bunu dünya dini liderləri deyirlər. Bakıda səfərdə olan Roma Papası Fransiskin bəyanatlarına fikir versinlər. İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin bəyanatlarına fikir versinlər. Bakıda dəfələrlə səfərdə olan digər dini liderlərin, yəhudi, katolik, pravoslav, müsəlman dini rəhbərlərinin çıxışlarına baxsınlar. Kim bizi ittiham edə bilər ki, Azərbaycanda başqa dinlərin abidələri təhlükə altındadır? Naşı siyasətçilər, populistlər, bizim bölgəmizdən xəbəri olmayan, ancaq erməni lobbisinin sifarişini yerinə yetirən, ya da ona çalışan bəzi dırnaqarası siyasətçilər bizə hansısa irad tuta bilərlər. Bu iradların əsası varmı? Yoxdur. Mənim sözümü sübut edən bizim, bax, bir neçə cildlik işlərimizdir. Getsinlər baxsınlar, ermənilər müsəlman abidələrini nə günə qoyublar?! Niyə 30 il ərzində bu məsələ ilə bağlı UNESCO məsələ qaldırmayıb? Biz dəfələrlə müraciət etmişik, dəfələrlə. Bu müraciətlər məktublar formasında sənədləşdirilib. İki il əvvəl UNESCO-nun yeni rəhbərliyinə də belə təklif verildi ki, missiya göndərin. İşğal edilmiş torpaqlara missiya gəlsin, baxsın ki, nə günə qoyublar bizim tarixi abidələrimizi? Nə oldu UNESCO-nun rəhbərliyinin cavabı? Dedilər ki, biz məsələni siyasiləşdirmək istəmirik. Yaxşı, iki il bundan əvvəl məsələni siz siyasiləşdirmək istəmirdiniz, bəs indi niyə siyasiləşdirmək istəyirsiniz? Cavab versinlər, çox sadə bir cavab, məntiqli bir cavab. Cavab yoxdur. Zəngilanda mən onlara müraciət etdim. Dedim açın gözünüzü baxın, nə günə salıblar ermənilər bizim məscidimizi. Bir reaksiya gəldimi oradan? Yox! Budur ermənilərin dağıtdığı. Yaxşı biz nəyi dağıtmışıq? Biz nə etmişik? Ancaq təmir etmişik, qorumuşuq. Ona görə, bilirsiniz, biz belə əsassız yanaşmanı, sadəcə olaraq, diqqətsiz qoya bilmərik”.
“...bu təşkilat bütün dövlətlərə eyni gözlə baxmalıdır”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, tanınmış mütəxəssis Fərhad Quliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, UNESCO-nun Azərbaycana qarşı ikili standartlardan yanaşması qəbuledilməzdir. UNESCO daxilində olan bəzi qüvvələrin anti-Azərbaycan təbliğatı apardığını deyən F.Quliyev hesab edir ki, sözügedən təşkilat öz daxilindən belə qüvvələri təmizləməli və öz formatına, statusuna uyğun fəaliyyət göstərməlidir. “Cənab Prezidentin fikirləri tamamilə haqlıdır. UNESCO öz statusuna uyğun fəaliyyət göstərməlidir, bütün ölkələrə bir gözlə baxmalıdır, ayrıseçkiliyə yol verməməlidir. Azərbaycanla UNESCO arasındakı əlaqələr dövlət müstəqilliyimizin ilk illərində qurulub, əsasən son on ildə çox sıx əməkdaşlıq çərçivəsində işləyirik. UNESCO-nun bütün layihələrində, bütün tədbirlərində Azərbaycan dövləti çox fəal şəkildə iştirak edir. Şəxsən mən özüm də bu tədbirlərdə bir neçə dəfə iştirak etmişəm və həmin tədbirlərdə Azərbaycanın çiyninə düşən yükün payını hiss etmişəm. Ona görə də UNESCO-da dini və mədəniyyət abidələri istiqamətində çalışan mütəxəssislər çox yaxşı bilirlər ki, Azərbaycanın problemləri nədən ibarətdir, Ermənistanın işğalı dövründə bizim abidələrimiz hansı vandalizm aktlarına məruz qalıb. İşğal dövründə ermənilər tərəfindən abidələrimizin dağıdılması, məhv edilməsi barədə UNESCO-nun mütəxəssislərinin ətraflı məlumatları olub. Hətta onlar bizim mütəxəssislərin iştirakı ilə bu məsələləri qeydə alırdılar. Amma UNESCO-nun faktlardan çıxış etməyərək Azərbaycana qarşı qondarma ittihamlar irəli sürməsi, guya burada xristian abidələrinə qarşı hansısa bir təhlükənin olduğunu əsassız olaraq iddia etməsi onu göstərir ki, UNESCO-nun daxilinə kənardan müdaxilələr var. Bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad edib, həmin ərazilərdə bərpa-yenidənqurma işləri aparmaq, dini və mədəniyyət abidələrini bərpa etmək istiqamətində işlərə başlamaq istəyir. UNESCO daxilində müəyyən anti-Azərbaycan qüvvələri var, onlar bu prosesə qarşı çıxmaq istəyir, ölkəmizə qarşı əsassız ittihamlar irəli sürməklə dövlətimizi ləkələmək niyyəti güdürlər ki, guya Azərbaycan başqa dini konfessiyalara aid abidələrə “hörmətsiz” yanaşır. Əslində, bu tamamilə əsassızdır və perspektivi olmayan ittihamlardır. Çünki bunu sübut etmək üçün ortada heç bir fakt yoxdur. Kimlər ki, bizim ölkəmizdə olub, onlar yaxşı bilirlər ki, Azərbaycanda müxtəlif dini konfessiyalara aid abidələr mövcuddur, onlar fəaliyyət göstərir, dövlət tərəfindən qorunur, mühafizə edilir. Bizə qarşı əsassız ittihamlar irəli sürənlər öz havadarlarının çirkin siyasətini yürüdürlər. Dövlət başçısının rəsmi olaraq həmin qüvvələrə qarşı mesajları çox əhəmiyyətlidir və UNESCO da öz formatına uyğun fəaliyyət göstərməli, heç bir dövlətin maraqlarına uyğun münasibət sərgiləməməli, heç bir dövlətin maraqlarından çıxış etməməlidir. UNESCO fəaliyyətini öz statusuna uyğun qurmalı və davam etdirməlidir. Mənə elə gəlir ki, indiyə qədər Azərbaycanın çağırışlarına qərəzli yanaşan UNESCO Azərbaycanla bağlı siyasətinə dəyişiklik edəcək. Çünki UNESCO üçün Azərbaycan çox önəmli ölkədir. Ona görə də, fikrimcə, müəyyən dövrdən sonra UNESCO bu siyasətini dəyişmək istiqamətində addımlar atacaq, bu labüddür. Ən başlıcası ona görə ki, UNESCO-nun bizə qarşı irəli sürdüyü ittihamların heç bir əsası yoxdur. Bir mütəxəssis olaraq ölkə başçısının fikirlərini tam dəstəkləyirəm. Ümumiyyətlə, UNESCO Azərbaycanla əməkdaşlıqda bizim dövlətin maraqlarına zidd addımlar atmamalı və bu təşkilat bütün dövlətlərə eyni gözlə baxmalıdır. Hesab edirəm ki, UNESCO ilə Azərbaycanın əməkdaşlığı davam etməlidir, əlaqələr pozulmamalıdır, birgə əməkdaşlığın yeni formatı müəyyən olunmalı, yeni layihələrin mövzusu seçilib gerçəkləşdirilməlidir. Bu belə olmalıdır ki, gələcəkdə bizə qarşı bu təşkilatın daxilində olan arzuolunmaz qüvvələr neytrallaşdırılsın. Bu ona görə lazımdır ki, oradakı bizə qarşı qüvvələr bir daha aktivləşməsin. O qüvvələr yalnız bizim sıx əməkdaşlığımız nəticəsində neytrallaşa bilər” - deyə F.Quliyev qeyd etdi.
İradə SARIYEVA