Müharibədən sonra yaradılan qondarma Dağlıq Qarabağın “Təhlükəsizlik şurası”nın “sədri” Vitaliy Balasanyan yeni açıqlama ilə çıxış edərək indi də Rusiyanın adından danışır.
Onun sözlərinə görə, separatçılar Rusiyanın rəhbərliyilə birlikdə itirilmiş əraziləri geri qaytaracaqlar: “Müharibəni uduzmağımıza səbəb erməni liderlərin yanlış siyasətinin nəticəsidir. Ermənistan və Rusiyanın rəhbərliyilə birlikdə itirilmiş əraziləri geri qaytaracağıq. “Artsax müdafiə ordusu” bundan sonra “Müdafiə Nazirliyi”nə deyil, mənim rəhbərliyimdə olan “Təhlükəsizlik şurası”na tabe olacaq. Ordunun yenidən qurulmasına rəhbərlik edəcəm, ləyaqətsiz komandirlərin orduda qalmasına icazə verməyəcəyəm. “Artsax”ın bütün “rəsmi orqanlar”ının “Facebook” səhifələri silinəcək”.
Göründüyü kimi, erməni separatçısı rus sülhməramlılarının Qarabağda yerləşməsindən cuşa gələrək, həyasızcasına həm də Rusiyanın adından danışır. Maraqlıdır ki, Rusiya hələ də buna bir reaksiya verməyib. Ona Rusiya adından danışmağa kim səlahiyyət verib?
“Əgər Rusiya bunların qarşısnı ala bilmirsə, o zaman çəkilsin kənara və Azərbaycan bu işlə məşğul olsun”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, bütün bunlar onu deməyə əsas verir ki, sülhməramlılar separatçılıq fəaliyyətinə göz yumurlar: “Azərbaycanın işğal olunmuş əraziləri azad etməsi, təbii ki, ölkəmizin parlaq qələbəsidir. 10 noyabr razılaşması və bundan irəli gələn müddəaları Azərbaycan yerinə yetirir. Ancaq razılaşmaları, göründüyü kimi, Rusiya və Ermənistan tərəfi yerinə yetirmir. Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda fəaliyyəti, ilk növbədə, burada iki icma arasında sülhün təmin edilməsidir. Lakin Rusiya tərəfi təktərəfli olaraq burada təhlükəziliyi təmin edir, eləcə də onların separatçılıq fəaliyyətinə göz yumur. Terrorçu Vitali Balasanyanın açıqlamalarına fikir verdikdə görürük ki, bu şəxsin açıqlamaları birbaşa təhlükəsizliyi təhdid edir. Rusiya da, bir növ, bunların statusunun möhkəmlənməsinə çalışır. Erməni silahlı birləşmələrinin çıxarılmaması və yeni ordu quruculuğu, burada birbaşa növbəti müharibə hazırlığı bəyanatları ciddi bir hadisədir. Rusiya tərəfi burada məsuliyyət daşıyır. Əgər Rusiya bunların qarşısnı ala bilmirsə, o zaman çəkilsin kənara və Azərbaycan bu işlə məşğul olsun. Yoxsa, onları qoruyacaqsa, bu, Moskvanın birbaşa dəstək siyasətidir. Hətta Balasanyan qeyd edir ki, Rusiya ilə birgə biz digər əraziləri işğaldan azad edəcəyik. Demək, o, Rusiya səlahiyyətlilərinin razılığı olmadan danışa bilməzdi. Bu şəxs Xankəndidə Rusiya sülhməramlı qüvvələrinin müdafiəsi altındadır və bu açıqlamanı onların razılığı ilə edirsə, deməli, vəziyyət mürəkkəbdir”.
Politoloq hesab edir ki, bu kimi açıqlamalara separatçılar son qoymasalar, o zaman Azərbaycan qətiyyətli addımlar atmalı və antiterror əməliyyatları keçirməlidir.
Vidadi ORDAHALLI