Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan xarici işlər nazirinin Qarabağa səfərinə münasibət bildirərkən deyib ki, Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri və burada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirməsi, “sənədlər” imzalaması 10 noyabr tarixli üçtərəfli bəyanata ziddir və hərbi əməliyyatların dayandırılmasından sonra bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın yaradılması çərçivəsinə tamamilə uyğun gəlmir:
"Xatırladırıq ki, məhz Ermənistan baş naziri 10 noyabr tarixli bəyanata imza atıb və bu xüsusda hökumət üzərinə öhdəliklər götürüb. Bu öhdəliklərin rəsmi Yerevan tərəfindən pozulması təxribatdır və daxili auditoriyaya hesablanmış bu kimi əməllər bölgədə vəziyyətin normallaşmasına xidmət etmir.
Ermənistan rəsmiləri əsassız xülyalardan çıxış etməməli, bölgədə yaranmış yeni reallığı qəbul etməlidirlər. 10 noyabr tarixli birgə bəyanatın icrasının təmin olunması və bölgədə yaranmış yeni təhlükəsizlik formatı, eləcə də əməkdaşlıq imkanlarından çıxış edərək addımların atılması sülh və təhlükəsizlik şəraitində birgəyaşayışa töhfə verə bilər. Bunun əksi isə gərginliyi alovlandırmaq cəhdindən başqa bir şey deyildir".
Bəllidir ki, Ermənistan rəsmiləri Qarabağa Rusiya sülhməramlılarının nəzarəti altında olan “Laçın dəhlizi” vasitəsilə gedirlər. Sülhməramlı missiyanın bu cür məsələyə göz yummasını necə dəyərləndirmək olar?
“Belə çıxır ki, Rusiya sülhməramlıları “Laçın dəhlizi” deyilən ərazini veriblər ermənilərin ixtiyarına...”
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya sülhməramlılarının son davranışları onların mandatına tamamilə ziddir: “Belə çıxır ki, Rusiya sülhməramlıları “Laçın dəhlizi” deyilən ərazini veriblər ermənilərin ixtiyarına. Biz görürük ki, Ermənistandan kim istəyirsə, sərbəst şəkildə gəlib həmin ərazidən keçib Xankəndiyə gedir. 10 noyabr bəyanatının şərtlərinə görə, Azərbaycanın bütün ərazilərində yurisdiksiyası bərpa olunmalıdır. Bu sənədə, Ermənistanla yanaşı, Rusiyanın da rəhbəri qol çəkib. Sülhməramlılar bu şərtlərə əməl olunmasına nəzarət üçün ora yerləşdirilib. Onlar əmrə tabedir. Rusiyanın siyasi və ordu rəhbərliyi nə deyirsə, onu da icra edirlər. Belə çıxır ki, Rusiya öz öhdəliklərindən geri çəkilir. Dağlıq Qarabağda hər hansı qurumun fəaliyyətinə şərait yaratmağa başqa ad verə bilmirik. Ermənistan rəsmilərinə gəlib orada poz verib şəkil çəkdirməyə şəraitin yaradılması məqsədlidir. Bununla demək istəyirlər ki, həmin ərazidə güya nəsə mövcuddur. Onların “rəhbəri” Araik Arutunyanla bağlı bizdə cinayət işi qaldırılıb. Həmin adam beynəlxalq axtarışa verilib. Belə adamla rus generalları necə bir masa ətrafında oturub nəyisə müzakirə edə bilər? Biz onun həbs edilib Azərbaycan tərəfinə təhvil verilməsini də sülhməramlılardan tələb etməliyik. Ermənistanın hansısa rəsmisinin ora keçməsinə niyə şərait yaradılır? Azərbaycan rəhbərliyi Rusiyaya bu etirazı çatdırmalıdır. Pandemiya olduğu üçün biz bu məsələyə kütləvi aksiyalarla etiraz edə bilmirik. Ancaq belə halların davamı Azərbaycan xalqının səbrini daşıra bilər. Biz qürurla qələbəmizi qeyd ediriksə, bu detallara da son qoyulmalıdır”.
Ekspert bildirdi ki, bu cür hallara son qoyulmasa, Azərbaycan oğulları yenidən əlinə silah alıb məsələni tamamlaya bilər.
Məhəmmədəli QƏRİBLİ