“Altmışdan çox məscid işğal edilmiş və azad edilmiş torpaqlarda dağılıb və buna heç kim reaksiya vermir”. Bunu Prezidenti İlham Əliyev Anar Kərimovu Mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.
Ölkə başçısının sözlərinə görə, bizim dini abidələrimiz qorunur və qorunacaq: “Mənim göstərişimlə bizim bütün əsas dini abidələrimiz təmir olunub. Onların təmiri simasını qorumaq şərtilə aparılıb. Azərbaycan bu sahədə də dünyaya göstərir ki, nə qədər zəngin mədəni irsə malikdir. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə Məscidi ölkəmizdə yerləşir, 743-cü ildə inşa edilib, mənim göstərişimlə faktiki olaraq yenidən qurulub. Yaxud da ki, xristian dininə mənsub olan abidələr, alban kilsələri, Kiş kilsəsi, Xudavəng kilsəsi. Artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə, bizim udi qardaşlarımıza qaytarılıbdır. Qafqaz Albaniyasına aid olan bütün digər kilsələr, o cümlədən Nic qəsəbəsindəki kilsə. Heydər Əliyev Fondu tərəfindən təmir olunan bu kilsə müharibə zamanı açılıb və bizə qarşı əsassız ittihamlar irəli sürənlərə ən gözəl cavab məhz budur. Rus-pravoslav kilsələri, sinaqoqlar, katolik kilsə, gürcü kilsələri, Bakıda yerləşən erməni kilsəsi – bütün bunlar dövlət tərəfindən qorunur. Amma görün, bizim məscidlərimizi mənfur düşmən nə günə salıb. Altmışdan çox məscid işğal edilmiş və azad edilmiş torpaqlarda dağılıb və buna heç kim reaksiya vermir. Heç bir beynəlxalq təşkilat Ermənistanı qınamır. Biz erməni kilsəsini qoruyuruq. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur və Azərbaycanda yaşayan ermənilər bizim vətəndaşlarımızdır”.
Göründüyü kimi, ermənilər əraziləri işğal edəndən sonra bütün məscidləri məhv etsələr də, indiyə qədər buna görə heç bir beynəlxalq qurum Ermənistanı qınamayıb. Hansı ki, dəfələrlə bununla bağlı faktlar müvafiq qurumlara çatdırılıb.
“Həmin xarabalıqları təkcə Azərbaycan televiziyaları deyil, xarici telekanallar da dünyaya yaydılar”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, mövzu ermənilərin vandallıqları olduqda, nədənsə, beynəlxalq qurumlar kar və kor olurlar: “Bu, yeni bir şey deyil. Hər zaman belə olub. Hələ Ermənistanın işğalının davam etdiyi dövrdə Azərbaycan bu məsələni bir sıra beynəlxalq təşkilatların qarşısında qaldırıb. Ancaq o zaman da, indiki kimi, bütün bu vəhşilikləri görməzdən gəldilər. Ərazilər azad ediləndən sonra məhv edilən məscidlərin, dini abidələrin görüntüləri yayıldı. Özü də sözügedən xarabalıqları təkcə Azərbaycan televiziyaları deyil, xarici telekanallar da dünyaya yaydılar. Bütün bunlara baxmayaraq, yenə də beynəlxalq qurumlar susdular. Halbuki ortada çox ciddi faktlar var. Ona görə də hesab edirəm ki, Prezidentin bununla bağlı səsləndirdiyi tənqidi fikirlər tamamilə haqlı və əsaslıdır. Hesab edirəm ki, beynəlxalq təşkilatların erməni vandalizminə münasibətdə susqunluq nümayiş etdirmələri ikili yanaşmalardan irəli gəlir. Daha dəqiq desək, bu, məqsədli şəkildə qərəzli münasibətin göstəricisidir. Fikrimcə, belə ədalətsiz yanaşmalar bundan sonra da olacaq. Çünki bunun arxasında erməniləri himayə etməklə bağlı siyasi məqsədlər dayanır”.
Şərqşünas hesab edir ki, bütün bunlara baxmayaraq, biz ermənilərin məscidləri necə məhv etmələrini dünyaya yaymalıyıq.
Vidadi ORDAHALLI