Yanvarın 5-də Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Dağlıq Qarabağın yaşayış məntəqələrində 1100-dən çox sakinə yardım etmiş sülhməramlı hərbi həkimlərin səyyar briqadaları barədə məlumatın başlığında “texniki” səhvə yol verilib. Başlıqda Azərbaycan Respublikasının Qarabağ bölgəsinin dağlıq hissəsinin adı üç hərf - “NKR” (yəni “dqr”) şəklində verilib. Lakin bir müddət sonra sayt rəhbərliyi bu səhvi aradan qaldıraraq sülhməramlı həkimlərin Azərbaycan Respublikasının Dağlıq Qarabağ sakinlərinə yardım göstərdiyini bildirib.
Azərbaycan ictimaiyyəti buraxılan səhvə kəskin etiraz edib. Rusiya Müdafiə Nazirliyi kimi ciddi bir qurumun belə səhv etməsini təsadüf saymaq olarmı?
“Müdafiə Nazirliyinin saytında buraxılan “səhv” də göstərir ki...”
Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya sülhməramlılarının son davranışları ciddi suallar doğurmaqdadır: “Üçtərəfli bəyanata görə, rus sülhməramlıları bölgəyə yerləşdirildikcə erməni silahlıları tam tərkislah olmalıydı. Qarabağdan olan vətəndaşlar isə silahlarını təhvil verib yerli vətəndaş kimi yaşayışlarına davam etməliydi. Təəssüf ki, biz bu öhdəliklərə əməl edilmədiyini görürük. İkincisi, Ermənistanda hər yerindən duran adam “Laçın dəhlizi” vasitəsilə Qarabağa gələ bilir. Bunun özü də sual doğurur. Ermənistan xarici işlər nazirinin son səfərini buna misal çəkə bilərik. Bunun özü də rusiyalı sülhməramlıların etibarsızlığının göstəricisidir. Azərbaycan həmin ərazini sülhməramlılara etibar edibsə, qanunsuz səfərlərin qarşısını da onlar almalıdır. Görünən budur ki, bunu da etmək istəmirlər. Üçüncü bir məqam paylaşılan xəritə ilə bağlı idi. Onu da sülhməramlılar etmişdi. Onlar xidmət etməli olduqları əraziləri daha da genişləndirilmiş formada vermişdirlər. Bizim etirazımızdan sonra həmin yanlışı düzəltdilər. Xəritəni əvvəlki vəziyyətdə təqdim etdilər. İndi də qondarma qurumun adının baş hərflərinin Müdafiə Nazirliyi kimi qurumun saytında yer alması növbəti təxribat cəhdindən xəbər verir. Diqqətə çatdırmaq lazımdır ki, Rusiya sülhməramlıları həm də qondarma qurumun “rəsmiləri” ilə fotolar çəkdirib paylaşırlar. Bu da hərf səhvi deyil ki... Bizim rəsmi qurumlar bütün bu yaşananlarla bağlı Rusiya tərəfinə suallar ünvanlamalıdır. Biz Rusiyadan bunların rəsmi izahını tələb etməliyik. Bütün bu hərəkətlər Azərbaycan cəmiyyətini dərindən narahat edir. Onlar sülhməramlılardan daha çox bir ağa kimi davranmağa çalışırlar”.
Ekspertin sözlərinə görə, Rusiya sülhməramlıları hədlərini bu şəkildə aşsalar, onlara olan inam puça çıxacaq: “Müdafiə Nazirliyinin saytında buraxılan “səhv” də göstərir ki, Rusiyaya çox da inanmaq olmaz”.
Məhəmmədəli QƏRİBLİ