10 noyabr razılaşmasından sonra ən geniş müzakirələr Dağlıq Qarabağa nə qədər etnik erməninin qaytarılacağı sualı ilə bağlıdır.
Qaytarılan ermənilərin sayı açıqlandıqca narahatlıqlar və müzakirələr də artır. Rusiya sülhməramlılarına istinadla açıqlanan son fakta görə, Qarabağa artıq 47 min erməni qaytarılıb. Təbii ki, proses sonsuzadək davam edə bilməz. Burada sovet dövrünün inanılmaz və fantastik 120 rəqəmi də bir çərçivə kimi hədəflənməməlidir.
Bəs nə baş verə bilər və DQ-yə erməni köçü hansı rəqəm civarında dayandırılmalıdlr? Sualın cavabını bu günlərdə Prezident İlham Əliyev dəqiqləşdirdi - 60 min erməni. Prezident aydın şəkildə bildirdi ki, işğal rejimi dövründə orada ən yaxşı halda 60 mindən çox erməni yaşaya bilməzdi. Həqiqətən də Prezidentin dediyi kimi bu "it damlarında" nə qədər adam yaşaya bilərdi ki?!
Demək, Qarabağa 60 mindən artıq erməni qaytarıla bilməz və bu məntiqlə 10-12 min erməni qaytarılandan sonra proses dayandırılmalıdır. Bölgəyə 60 mindən artıq erməninin qaytarılması demoqrafik reallıqların pozulması anlamına gəlməyə imkan verəcək.
Aydın QULİYEV