Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Fondun yaradılmasında məqsəd Qarabağda sürətli tikinti-qurucluq işlərinin aparılmasını, işğaldan azad edilmiş rayonlarda həyatın yenidən normal məcraya salınmasını təmin etməkdir.
Fərmana əsasən, “Qarabağ Dirçəliş Fondu” Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılır. Fondun fəaliyyətinə cari rəhbərliyi üç üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirir.
Fatma Yıldırım: “Fondun yaradılması ilə, ilk növbədə, Qarabağda aparılan tikinti-quruculuq işləri sürətlənəcək”
“Qarabağ Dirçəliş Fondu”nun əhəmiyyəti haqqında danışan millət vəkili, "Qarabağ Dirçəliş Fondu"nun Müşahidə Şurasının üzvü Fatma Yıldırım qeyd etdi ki, fondun yaradılması ilə, ilk növbədə, Qarabağda aparılan tikinti-quruculuq işləri sürətlənəcək. Bununla da 30 ildir öz yurdlarının həsrəti ilə yaşayan məcburi köçkünlərin tezliklə ora qayıtmaq arzusu reallaşacaq: “44 günlük zəfər tariximizdə olduğu kimi, vətəndaşlarımız yenə də həmrəylik göstərməli, Qarabağın yenidən dirçəlməsində yaxından iştirak etməlidirlər. Həm fiziki şəxslər, həm də hüquqi şəxslər yaradılan platformalar vasitəsilə fonda öz ianələrini köçürə bilərlər. Fond işğaldan azad olunmuş ərazilərin dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərəcək. O cümlədən, sərmayələrin cəlb edilməsi, bu sahədə dövlət-özəl sektor tərəfdaşlığının inkişafının təmin edilməsi, eləcə də ölkə daxilində və xaricində zəruri təşviqat işlərinin həyata keçirilməsi də fonda həvalə edilib”.
Azər Badamov: “Bütün şəhər və rayonlar yenidən qurulacaq, müasir və təhlükəsiz həyat şəraiti yaradılacaq”
Millət vəkili Azər Badamov bildirdi ki, belə bir fondun yaradılmasına ehtiyac var idi: “Prezident İlham Əliyevin fərmanı ilə “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradıldı. Bu fondun yaradılması ilə bağlı Milli Məclisdə dövlət büdcəsi müzakirələri zamanı da deputat həmkarlarım tərəfindən təklif səsləndirildi. İşğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpası ölkəmiz üçün birinci dərəcəli prioritet vəzifədir. Dövlətimizin resursları işğaldan azad olunmuş ərazilərə həyatın qaytarılmasına səfərbər edilib. Bütün şəhər və rayonlar yenidən qurulacaq, müasir və təhlükəsiz həyat şəraiti yaradılacaq. Artıq sosial infrastrukturun yenidən qurulması işlərinə başlanıb. Düşünürəm ki, bu il həmin ərazilərə köçkünlərimizin qaytarılmasına başlanacaq. Biz bu işləri qısa bir zamanda həyata keçirmək niyyətindəyik. Bu məqsədlər üçün böyük maliyyəyə ehtiyacı var. Burada dövlət-vətəndaş birliyinin nümayiş etdirilməsi planlaşdırdığımız işləri sürətləndirəcək. Həm də ölkə daxilində və xaricində həmin ərazilərin dirçəldilməsinə investisya yatırmaq və ianələr vermək istəyən soydaşlarımız var. Yəni işğaldan azad olunmuş ərazilərimizin bərpasında iştirak etmək istəyən soydaşlarımızın müraciət edəcəyi və yığılan vəsaitlərin bir yerə yığılaraq ünvanlı və şəffaf xərclənməsi üçün “Qarabağ Dirçəliş Fondu”na ehtiyac var idi. İndi kim bərpa işlərində iştirak edib töhfə vermək istəyirsə, bunu fond vasitəsilə reallaşdıra bilər”.
Günel CƏLİLOVA