Məlum olduğu kimi, 2020-ci il işğal altında olan ərazilərin böyük hissəsinin azad olunması baxımından əlamətdar bir il oldu. Ötən il Azərbaycan bütün imkanlarını səfərbər edərək Qarabağın işğalına son qoyulması ilə bağlı dönüş əldə etdi.
Ətraf 7 rayon, Dağlıq Qarabağın böyük hissəsi erməni işğalçılarından təmizləndi. İllərlə mövcud olan status-kvo ləğv edildi.
Diplomatik və hərbi müstəvidəki uğurlar qələbə ilə nəticələndi
Əldə olunan uğur asan başa gəlmədi. Azərbaycanın siyasi, diplomatik və hərbi müstəvidə həyata keçirdiyi sistemli işlər ölkəmizin qələbəsini şərtləndirdi. Məsələ ondadır ki, diplomatik və informasiya sahəsindəki uğurlu siyasət sayəsində ötən il bir neçə təşkilat münaqişə ilə bağlı Azərbaycanın lehinə bəyanatlar, qətnamələr qəbul etdi. Belə ki, ötən ilin 10 iyun tarixində Avropa Parlamentinin üzvləri Ermənistandan Azərbaycanın işğal olunmuş rayonlarına yeni avtomobil yolunun çəkilişini tənqid etdilər. Onlar bəyanat yayaraq yolun çəkilişinə sərt etirazlarını bildirdilər. Bu bəyanat Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində qanunsuz fəaliyyətinin beynəlxalq səviyyədə ciddi tənqid və etirazla qarşılandığının, etiraf edilmiş olduğunun növbəti göstəricisi oldu. Bundan başqa, iyulun 20-də ABŞ Konqresi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini rəsmiləşdirdi. ABŞ-ın Nümayəndələr Palatası respublikaçı Stiv Şabo və demokrat Stiv Koenin təqdimatları əsasında səsvermə nəticəsində “National Defence Authorisation Act” sənədinə düzəlişlər qəbul edildi. Qeyd edək ki, ABŞ parlamentarizm tarixində bu dəyişikliklər erməni diasporuna və Ermənistana vurulmuş ən böyük zərbədir. Təsadüfi deyil ki, bu qanuna dəyişikliklərin edilməsindən sonra ABŞ-dakı erməni diasporu və lobbist qruplar ciddi şəkildə parlamentə təzyiqlərini artıraraq etirazlarını davam etdirdilər. Həmin dəyişikliklər nəticəsində Ermənistan növbəti sənəddə bir daha işğalçı dövlət kimi qeyd olunur və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdışı tələb olunur. Ukrayna, Moldova, Gürcüstan və Azərbaycan kimi ölkələrdə işğal olunmuş ərazilərdən köçkün düşmüş və o ərazilərdə qətlə yetirilmiş vətəndaşlar barədə həmin dövlətlərin hesabatının Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim edilməsi barədə 296 saylı düzəliş Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü təsdiqləyir.
İşğalla bağlı bir sıra sənədlər 44 günlük müharibədə qələbə qazanmağımızda mühüm rol oynadı
2020-ci ilə qədər və 2020-ci ildə qəbul edilən, Azərbaycanın torpaqlarının işğal olunmasını sübut edən sənədlər sözsüz ki, 44 günlük müharibədə qələbə qazanmağımızda mühüm rol oynadı. BMT Təhlükəsizlik Şurasının qətnaməsindən tutmuş, ayrı-ayrı dövlətlərin və beynəlxalq təşkilatların münaqişə ilə bağlı Azərbaycanın lehinə qəbul etdikləri qərar və qətnamələr, verilən bəyanatlar İkinci Qarabağ müharibəsinə qədər sülh danışıqlarında rəsmi Bakının mövqeyini möhkəmləndirməklə yanaşı, həm də Bakıya işğal altındakı torpaqları müharibə yolu ilə geri qaytarmaq hüququnu verirdi.
Ordumuzun zəfəri ermənilərin gözləntilərini məhv etdi
Ən nəhayət, 30 il ərzində sülh danışıqlarının nəticəsiz qalması, Ermənistanın isə ilbəil işğalçılıq siyasətini genişləndirmək istəyi və bu istiqamətdə təxribatları regionda müharibənin başlamasına gətirib çıxardı. Sentyabrın 27-si başlayan və 44 gün davam edən müharibə Azərbaycanın qələbəsi, Ermənistanın kapitulyasiyası ilə nəticələndi. 10 noyabırda Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının imzaladığı bəyanata uyğun olaraq, bir güllə atılmadan 3 rayon – Ağdam, Kəlbəcər və Laçın rayonları azad edildi. 44 günlük müharibədə rəşadətli ordumuzun düşmənə endirdiyi sarsıdıcı zərbələr Ermənistanı məcbur etdi ki, bir sıra əraziləri müharibəsiz boşaltsın. Hansı ki, neçə il idi Ermənistan mənasız danışıqlar prosesini uzatmaqla bir qarış da olsun ərazini qaytarmaq istəmirdi. Onlar düşünürdülər ki, vaxt onların xeyrinə işləyir. Bu səbəbdən istədikləri kimi danışıqları uzadacaqlar. Ancaq Azərbaycan Ordusu 44 günlük zəfəri ilə ermənilərin gözləntilərini məhv etdi.
Prezidentin iradəsi ilə xalqımız yaxın keçmişindəki qara səhifələri ilə vidalaşdı
Beləcə, 2020-ci ildə Azərbaycan xalqı tarixinin ən əlamətdar günlərini yaşadı. Ali Baş Komandanın başçılığı altında xalqımız yaxın keçmişindəki qara səhifələri ilə vidalaşaraq gələcəyimiz üçün yeni tarix yazmağa müvəffəq oldu. Bununla da ermənilərin və onların havadarlarının 1828-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı apardıqları mənfur siyasətə son qoyuldu. Düz 200 ilə yaxın idi ki, geosiyasi güclər erməni məsələsi adı altında öz dövlət maraqlarını həyata keçirməklə, ermənilər isə “dənizdən-dənizə” ideologiyalarını reallaşdırmaqla məşğul idilər. Artıq bütün bunlara son qoyuldu. Ali Baş Komandanın rəhbərliyi altında ordumuz regionun siyasi xəritəsini, bölgədə gələcək proseslərin istiqamətini dəyişəcək, əsrlərdir qələbəyə həsrət qaldığımız bir tarixi yazdı.
Hələ də işğal altında olan kəndlər var
Ancaq ötən il Qarabağ problemi həll edilməsinə, işğal altında olan ərazilərin böyük hissəsi azad olunmasına baxmayaraq, hələ də ermənilərin işğalı altında olan kəndlərimiz var. Düzdür, 10 noyabrdan sonra gedən proseslər nəticəsində hətta erməni işğalında olan Şurnux kəndi geri qaytarıldı. Məsələ ondadır ki, Qubadlıya məxsus olan bu kənd 1993-cü ildə işğal edilib. Erməni tərəfi həmin kəndi qanunsuz olaraq Ermənistana birləşdirmişdi. Ancaq Azərbaycanın qətiyyəti qarşı tərəfi məcbur etdi ki, həmin kəndi də geri qaytarsın. Bütün bunlara baxmayaraq, Naxçıvanın Kərki kəndi, Qazax rayonunun 7 kəndi hələ də işğal altındadır. Məsələ ondadır ki, Ermənistanın Azərbaycana yönəlik ərazi iddiaları başlayandan sonra həmin kəndlər işğal edildi. 1990-1992-ci illərdə Ermənistan silahlı qüvvələri tərəfindən sözügedən kəndlər işğala məruz qaldı. Belə ki,1990-cı ilin yanvarında Sədərəyin Kərki, 1990-cı ilin mart ayının 23-dən 24-ə keçən gecə Qazaxın Bağanis Ayrım, 1992-ci il martın 8-də Xeyrimli, 1992-ci il aprelin 27-də Barxudarlı və Sofulu, 1992-ci il iyunun 8-də Yuxarı Əskipara, 1992-ci il iyunun 11-də Qızıl Hacılı, 1992-ci il iyunun 14-də isə Aşağı Əskipara kəndləri erməni işğalçıları tərəfindən işğal edilib.
Yeri gəlmişkən onu da qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış bəyanatın 2-ci bəndində Qazax rayonunun işğal edilmiş 7 kəndinin də Azərbaycana geri veriləcəyi qeyd edilmişdi. Lakin sonradan əsas açıqlamada və bəyanatın təqdimetməsində həmin müddəanın yer almadığı bəlli oldu. Buna baxmayaraq, bir müddət sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildirdi ki, razılaşmaya əsasən, Ermənistan Kəlbəcəri, Ağdamı, Laçını boşaldacaq. O cümlədən, Ərdoğan Qazaxın məlum kəndlərinin də azad ediləcəyini dedi. Qeyd edildiyi kimi, Azərbaycanın işğal altında olan həmin əraziləri ordumuzun nəzarətinə keçdi. Ancaq Qazaxın işğal altındakı 7 kəndinin taleyi hələ də müəmmalı olaraq qalmaqdadır.
Maraqlıdır, Naxçıvanın Kərki kəndi və Qazaxın sözügedən 7 kəndi niyə geri qaytarılmır?
Naxçıvanın Kərki və Qazaxın 7 kəndi də işğaldan azad ediləcək
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynov buna bir neçə aspektdən yanaşdı: “Əvvəla Azərbaycan 44 günlük müharibədə çox ciddi qələbə qazandı. Bunun nəticəsi idi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz azad edildi. Bir məqamı qeyd edim ki, 10 noyabra qədər Ermənistanla həmsərhəd olan Zəngilan və Qubadlı rayonları tamamilə işğaldan azad edilməmişdi. Həmin rayonların bir sıra kəndləri erməni işğalında idi. O cümlədən, 10 noyabr razılaşmasında açıq şəkildə deyilmirdi ki, Zəngilan və Qubadlının sözügedən kəndləri də azad ediləcək. Buna baxmayaraq, Ermənistan sözügedən rayonların kəndlərini geri qaytarır. Rusiyanın vasitəçiliyilə Azərbaycan və Ermənistan sərhədlərində demarkasiya işləri gedir. Ona görə də bütün bunlar onu deməyə əsas verir ki, Naxçıvanın Kərki və Qazaxın 7 kəndi də işğaldan azad ediləcək. Sadəcə, biz bir az səbrli olmalıyıq. Nəzərə almaq lazımdır ki, Paşinyan hakimiyyəti ölkə daxilində ciddi təzyiqlə üz-üzədir. Müxalifət məğlubiyyət faktorundan istifadə edərək onun hakimiyyətini devirmək istəyir. Fikrimcə, Paşinyanın üzləşdiyi çətin vəziyyət nəzərə alınmaqla, bir sıra məsələlər açıq deyilmir. Çünki beynəlxalq təcrübədə dövlətlərarası anlaşmaların bir neçə formatı mövcuddur. Formata görə, bəyanatın ictimaiyyət üçün açıqlanan - əsas versiyası və köməkçi versiyası olur. Elə məsələlər var ki, onlar dərhal açıqlanmır. Yaxud da razılaşmada olmayan məsələlər sonrakı əlavə sənədlərdə ya yazılı, ya şifahi razılaşmalar əsasında əldə olunmuş anlaşmalar formasında olur. Ola bilsin ki, sözügedən məqamlar nəzərə alınır. Bizə sərf edən variant odur ki, Ermənistanda xaos yaranmadan bütün sərhəd məsələləri həll edilsin. Paşinyanın imzaladığı razılaşmalar tam reallaşsın. İndiki məqamda Ermənistanda revanşist qüvələr hakimiyyətə gəlsə, bəzi razılaşmaları poza bilərlər. Bu da bizə sərf etmir. Başqa bir tərəfdən, Naxçıvanın Kərki və Qazaxın 7 kəndindən 4-ü sırf anklav vəziyyətindədir. Yəni həmin kəndlərə Azərbaycanın əsas ərazisindən bilavasitə yol yoxdur. Ona görə də həmin kəndlərlə əlaqənin yaradılması ilə bağlı mütləq şəkildə dəhliz lazımdır. Kəndlərin geri alınmasının bu qədər uzanması həmin dəhlizin marşrutunun, eninin və ümumilikdə, konturlarının aydınlaşması ilə əlaqədar ola bilər. Çünki Ermənistan bəhs etdiyim kəndlərin Azərbaycanla birləşdirici dəhlizinin olmamasını istəyir. Belə olduqda isə Azərbaycanın əsas hissəsi ilə həmin kəndlər arasında nəqliyyatın və xəbərləşmənin forması qeyri-müəyyən qalır. Yeganə yol dəhlizin olmasıdır. Görünür, bu kimi məsələlər üzündən sözügedən kəndlərin işğaldan azad edilməsi yubanır. Bütün bunlara baxmayaraq, inanıram ki, həmin kəndlər də azad ediləcək”.
Ekspert onu da qeyd etdi ki, sözügedən məsələdə heç bir qüvvə Azərbaycana mane ola bilməz.
Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.