Sosial şəbəkələrdə və KİV-də Rusiya prezidenti Vladimir Putinin Xankəndidə yaşayan ermənilər tərəfindən “İlin adamı” elan edilməsi ilə bağlı məlumatlar yayılıb. Hətta Xankəndi şəhərinin girişində Rusiya prezidenti V.Putinin böyük portretinin də asıldığı bildirilir.
Bildiyimiz kimi, Azərbaycanın 44 günlük müharibədə qazandığı uğurlar erməniləri həddindən artıq narahat edir və onlar keçmiş xunta rejimini dirçəltmək üçün bölgədə yerləşdirilən Rusiya sülhməramlılarından imdad umurlar. Məsələ burasındadır ki, Rusiya sülhməramlıları da Xankəndidəki ermənilərin sepatatçı niyyət və çağırışlarına biganə qalmırlar. Rusiya sülhməramlı qüvvələrinin ermənilərə “qucaq açması” təəssüf doğuran haldır. Qarabağdakı ermənilər özlərini o qədər arxayın hiss edirlər ki, hətta Putini “İlin adamı” elan etməkdən çəkinmirlər.
Qeyd edək ki, bu barədə məlumat və Putinin Xankəndinin girişinə qoyulan fotosu ermənilər tərəfindən sosial şəbəkələrdə yayılıb.
Qarabağdakı ermənilərin Putini “İlin adamı” elan etməsinin arxasında hansı məqsədlər dayanır, onlar bununla nə demək istəyirlər?
“Bütün bu oyunlar keçici, dövri taktikadır”
“Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri, politoloq Rasim Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, bu, növbəti erməni riyakarlığının nümunələrindəndir:
“Ermənilərin Vladimir Putini “İlin adamı” elan etmələri daha çox Rusiya qarşısında ermənilərin itirilmiş etibarının reabilitasiyasına hesablanmış növbəti yalançı, riyakar gedişləridir. Sözsüz ki, Putinin də şəxsən razılığı olmadan onun portretini Xankəndidə küçəyə, yaxud da şəhərin görkəmli yerinə asa bilməzlər. Putin də ermənilərin satqınlığının qisasını alaraq, onları özünə yalvartdırır, necə ki, əsgər analarını yalvartdırırdılar və Putinin ermənilər üçün xilaskar olduğunu onlara sübut etmək istəyirlər. Bu tərəfdən də azərbaycanlılar və türklərə də dost olduğunu göstərməyə çalışır, necə deyərlər, ənənəvi siyasət və ənənəvi taktika. Amma bütün bu oyunlar keçici, dövri taktikadır və perspektiv planda çox şey bizdən asılıdır”.
İradə SARIYEVA