Prezident İlham Əliyevin “erməni hərbçilərin çoxu hərbi əməliyyatlar dayandırılandan sonra həbs olunub və onları hərbi əsirlər hesab etmək olmaz” bəyanatı erməni ictimaiyyəti tərəfindən geniş müzakirə olunur.
Ermənistanın ombudsmanı Arman Tatoyan Facebook səhifəsində yazıb ki, erməni hərbi əsirlər Ermənistana qaytarılmalıdır: “Bu dərhal və hər hansı bir ilkin şərt olmadan həyata keçirilməlidir. Onlar statusuna görə hərbi əsirlərdır”.
Qeyd edək ki, dekabrın əvvəlində Ermənistan və Azərbaycan “hamının hamıya” prinsipi üzrə hərbi əsirlərin dəyişdirilməsi məsələsini razılaşdırıb. Dekabrın 5-də Ermənistanın baş naziri Nikol Paşinyan telemüraciətində bildirib ki, Dağlıq Qarabağ münaqişə zonasında əsirlərin mübadiləsi zamanı “hamının hamıya” prinsipi Azərbaycanla razılaşdırılıb: “Bu təkcə müharibə zamanı əsir götürülənlərə deyil, həm də ona qədər Ermənistan və ya Azərbaycan tərəfində qalanlara aiddir”.
Erməni KİV-i bildirir ki, noyabrın 29-da, yəni sülh bərqərar olduqdan sonra Ermənistanın Şirak vilayətindən Qarabağa göndərilən 100 yaraqlı Azərbaycanda əsir düşüb.
Azərbaycan tərəfinin məlumatına görə, bu bölmə Azərbaycan ordusunun nəzarətində olan ərazidə mühasirəyə alınıb. Könüllü təslim olan 30 yaraqlı Rusiya sülhməramlılarına təhvil verilib. Qısa döyüşdən sonra daha 62 yaraqlı təslim olub. Göründüyü kimi, bəzi erməni silahlıları əldə olunan razılaşmaya məhəl qoymadan öz hərbi müqavimətini davam etdirir. Belələrinin terrorçu sayılması üçün əlimizdə kifayət qədər əsas varmı?
“Noyabrın 10-dan sonra əsir düşənlərə bu humanitar addımları aid edə bilmərik”
Hərbi ekspert Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 10 noyabr tarixli üçtərəfli bəyanatın elan edilməsindən və qüvvəyə minməsindən sonra erməni yaraqlıların Azərbaycan ərazisinə keçməsi və bu dəstələrin Azərbaycan ordusu ilə döyüşə girmək cəhdi o deməkdir ki, onlar terrorçudur: “Buna görə də bəyanatın səkkizinci bəndi onlara şamil edilmir. Üçtərəfli bəyanatın səkkizinci bəndində deyilir: hərbi əsirlərin və digər saxlanılan şəxslərin və həlak olanların cəsədlərinin mübadiləsi aparılır. Beləliklə, bəyanat sülh bərqərar olana qədər əsir götürülmüş hərbçilərin və digər şəxslərin mübadiləsinə şamil edilir. Noyabrın 10-dan sonra əsir düşənlərə bu humanitar addımları aid edə bilmərik. Onlar potensial terrorçudurlar. Məhz buna görə də Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun şəkildə cəzalandırılmalıdırlar. Ermənistan gələcəkdə belə addımlarla üzləşməməsini istəyirsə, öz yaraqlılarının Azərbaycana göndərilməsinin və ölkə ərazisində terrorizmin yayılmasının qarşısını almalıdır”.
Ekspert belə halların baş verməsində Rusiya sülhməramlılarının da günahının olduğunu bildirib. Onun sözlərinə görə, sülhməramlıların əsas prinsipi bundan ibarətdir ki, onların bütün addımları beynəlxalq normalara və üzərlərinə götürdükləri öhdəliyə uyğun olmalıdır: “Son zamanlar Azərbaycan ictimaiyyətinin rus sülhməramlılarının müəyyən addımlarından narazı olması tam əsaslı sayılır. Bura qondarma “DQR”in “bayrağının” müəyyən yerlərdə olmasını, onların “rəsmiləri” ilə sülhməramlıların görüşməsini aid edə bilərik. Onların qarşısında erməni silahlılarının sərbəst hərəkətinin olması da bölgədə terror amilini gücləndirir. Hesab edirəm ki, sülhməramlılar öz mandatlarına uyğun şəkildə fəaliyyət göstərsələr biz bölgədə erməni terrorçularına rast gəlmərik”.
Ekspert onu da əlavə etdi ki, Prezident İlham Əliyevin əldə olunan üçtərəfli razılaşmadan sonra ələ keçən erməni hərbçilərini əsir yox, terrorçu kimi təsnifatlandırması tam doğrudur.
Məhəmmədəli QƏRİBLİ