Erməni KİV-i Rusiya hərbi müstəntiqlərinin Ermənistan-Azərbaycan sərhədində hərbi helikopterin vurulması ilə əlaqədar cinayət işini daha ağır bir maddəyə (qəsdən adam öldürmə) tövsif etdikləri ilə bağlı xəbərlər tirajlayır. Həmin məlumatlarda bildirilir ki, əvvəlcə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 351-ci maddəsi (uçuş qaydalarının pozulması və ya onlara hazırlıq, ehtiyatsızlıqdan ölümlə nəticələnən) ilə araşdırılan cinayət işi indi daha ağır bir maddəyə - 105-ci maddənin 2-ci hissəsinə (iki və ya daha çox şəxsin qəsdən ölümünə səbəb olma) uyğun təhqiq olunur: “Birinci halda təqsirkar şəxslərə yeddi ilə qədər həbs cəzası nəzərdə tutulursa, ikinci halda ömürlük həbs cəzası verilə bilər. Bu qərarın iş çərçivəsində aparılmış istintaq və əməliyyat tədbirlərinin nəticələrinə əsasən verildiyini də qeyd edən mənbə istintaqın nə qədər vaxt aparacağını söyləməkdə çətinlik çəkib: "Şübhəlilərin başqa bir dövlətin ərazisində olması ilə bağlı müəyyən çətinliklər var. Mənbənin sözlərinə görə, iş Gümrüdəki (Ermənistan) Rusiya bazasında yerləşən hərbi müstəntiqlər tərəfindən araşdırılır”.
RF Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkovun daha əvvəl də bildirdiyi kimi, “Mi-24” hücum helikopteri keçən il 9 noyabr axşamı Ermənistanın hava məkanında, döyüş bölgəsindən kənarda vurulub. İki rus hərbçisi ölüb, biri yaralanıb. Hadisə təxminən 18:30-da (Moskva vaxtı ilə 17:30) baş verib. Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, helikopter 102-ci Rusiya hərbi bazasının karvanını Ermənistan ərazisindən keçərək Ermənistan ərazisi ilə Naxçıvan Muxtar Respublikasının (Azərbaycan) sərhədinə yaxın Ermənistanın Yerasx qəsəbəsi yaxınlığında hava məkanında müşayiət edib. Həmin günün axşamı Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin Qarabağ münaqişəsi zonasında atəşkəsə dair üçtərəfli bəyanatı imzalanıb.
Azərbaycan Xarici İşlər Nazirliyi “Mi-24”-ün Azərbaycan hərbçiləri tərəfindən Ermənistan ərazisi üzərində təsadüfən vurulduğunu bildirib: "Azərbaycan tərəfi qəza xarakteri daşıyan və Rusiya tərəfinə qarşı yönəlməyən bu faciəli hadisə ilə əlaqədar Rusiya tərəfindən üzr istəyir". Azərbaycan tərəfi müvafiq təzminat ödəməyə hazır olduğunu da açıqlayıb. Rusiyaya məxsus hərbi helikopterlə bağlı erməni mediasının etdiyi bu manipulyasiya nə ilə bağlıdır və tədqiq olunan cinayət işinə daha ağır maddələrlə baxılması nə dərəcədə doğrudur?
“Bu versiyanı daha çox erməni mediası qabardırsa, ola bilər ki, burada qızışdırıcı niyyətlər də olsun”
Hüquqşunas Mehman Muradlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələdə xüsusi ajiotaja ehtiyac yoxdur: “Tədqiq olunan cinayət işlərində belə hallar olur. Ortaya çıxan yeni dəlil və xüsusatlara uyğun olaraq cinayət işlərinin araşdırılmasında maddələrin tövsifi hallarına rast gəlinir. Lakin bu məsələdə hansısa yeni hal yaranmayıb ki, belə ağırlaşmaya ehtiyac olsun. Qeyd edək ki, həmin hadisə hüquqi ilə yanaşı, həm də siyasi-hərbi mahiyyət daşıyır. Çünki Azərbaycanla Ermənistan arasında gedən qızğın müharibə zamanında baş verib. Təbiidir ki, helikopterə atəş açanlar onun Rusiyaya məxsus olduğunu bilməyib. Əminliklə deyə bilərik ki, həmin helikopter düşmənin olduğu zənn edilərək vurulub. Bütün bu hallar istintaqın gedişində nəzərə alınmalı və yüngülləşdirici hallar kimi nəzərdən keçirilməlidir. Cinayət işində maddələrin ağırlaşması ilə bağlı hələlik rəsmi məlumat yoxdur. Bu versiyanı daha çox erməni mediası qabardırsa, ola bilər ki, burada qızışdırıcı niyyətlər də olsun. İstənilən halda, bu məsələyə hüquqi qiymət verilməlidir. Azərbaycan tərəfi baş verən hadisə ilə bağlı üzərinə düşən bütün öhdəlikləri edib. Hətta ölən hərbçilərin ailələrinə təzminat ödəməyə belə razı olduğunu bəyan edib”.
Hüquqşunas bildirdi ki, Rusiya tərəfi bu məsələni tam obyektiv araşdırmalı, bütün xüsusatları nəzərə almalıdır: “Ermənilərin əlinə qızışdırıcı mövqe tutmaq üçün əsaslar verməməlidir”.
Məhəmmədəli QƏRİBLİ