Məlum olduğu kimi, Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ilə görüşüb.
Görüş zamanı tərəflər Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətləri barədə fikir mübadiləsi aparıblar. Həmçinin, komissar Oliver Varhelyi 44 günlük Vətən müharibəsi zamanı mülki əhaliyə dəymiş ziyanla bağlı Aİ-nin yardım etmək istəyini qeyd edib. Humanitar yardımın göstərilməsinin vacib olduğu və Azərbaycan tərəfi ilə əlaqələndirmə çərçivəsində bu yardımın ehtiyacı olan bütün insanlara təqdim edilməsinin zəruriliyi qeyd olunub.
“44 günlük müharibə zamanı erməni təcavüzü nəticəsində çoxlu sayda ev yararsız hala düşüb, həmin evlərin tikilməsi üçün...”
Müharibə zamanı zərər görmüş mülki əhaliyə Aİ-nin yardım etmək istəməsinin əhəmiyyəti haqqında danışan siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Avropa İttifaqının belə bir təşəbbüslə çıxış etməsi alqışlanmalıdır. Avropa İttifaqı və digər beynəlxalq qurumlar bu təşəbbüslə dərhal çıxış etməli idi. Hadisə baş verən ərəfədə. Düzdür, Azərbaycan dövləti öz imkanları hesabına əhalimizə dəyən ziyanı aradan qaldırmaq üçün tədbirlər görür. Artıq konkret məbləğdə maliyyə yardımının göstərilməsi ilə bağlı Prezidentin göstərişi də var”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, 44 günlük müharibə dövründə erməni təcavüzkarları insanlığa yad olan, heç bir norma və əxlaqa sığmayan vasitələrə əl atmış, xalqımıza qarşı növbəti vəhşiliklər törətmiş, cəbhə xəttindən, döyüşlər gedən ərazilərdən çox-çox uzaqlarda yerləşən şəhər və kəndləri, yaşayış obyektlərini, mülki əhalini qadağan olunmuş silahlarla, ballistik raketlərlə, toplarla atəşə tutub, xeyli dinc sakin həlak olub, dörd yüzdən çox mülki vətəndaş yaralanıb, minlərlə bina dağılıb, infrastruktur obyektlərinə ciddi ziyan dəyib. 44 günlük müharibə zamanı erməni təcavüzünün qurbanı olan ailələrin evləri yararsız hala düşüb. Həmin ailələrə yeni evlərin tikilməsi üçün Avropa İttifaqının məlum təşəbbüsü təqdir olunmalıdır: “Ölkəmizə yardım etmək istəyənlərə qapımız açıqdır. İstənilən beynəlxalq təşkilat bu tip yardımlarda iştirak edə bilər. Söhbət əsnasında onu da qeyd edim ki, qonşu İranın ölkəmizə deyil, Ermənistana yardım göstərməsi təəccüblüdür. Əslində, İranın bizə yardım etməsinə ehtiyac yoxdur. Dost, qardaş ölkə olan Türkiyə hər zaman ölkəmizə humanitar sahədə dəstək olub”.
Günel CƏLİLOVA