Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradovun atdığı bəzi nümayişkaranə addımlara Azərbaycan ictimai rəyinin qəzəbi bəllidir. Xüsusilə də onun keçmiş qondarma rejim rəhbəri Araik Arutyunyanla qucaqlaşaraq foto çəkdirməsinə ciddi etirazlar edildi. Bundan əvvəl isə Muradov Araiq Arutunyanla kabinetdə görüşərkən otaqda qondarma qurumun simvolları qoyulmuşdu. Bəllidir ki, sülhməramlılar prosesdə neytral mövqe tutmalıdır. Görünən isə odur ki, Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradovun fəaliyyəti bizim cəmiyyətimizin əksər üzvləri tərəfindən anti-Azərbaycan mahiyyətli sayılır. Təəssüf ki, bu hal özünü açıq-aydın göstərir. Hətta bəzi ekspertlər düşünür ki, bununla bağlı rəsmi Bakı Moskvaya müraciət etməli, xatırlatmalıdır ki, sülhməramlılar qanundankənar əməllərə getməsinlər. Bir sözlə, hesab olunur ki, Rüstəm Muradovun addımları sülhyaratma missiyasının tələblərinə cavab vermir.
Çox maraqlıdır, Rüstəm Muradovun addımları onun şəxsi maraqlarından irəli gəlir, yoxsa tam olaraq Moskvanın mövqeyini ifadə edir? Onun əvəzinə başqa bir general bu missiyaya rəhbərlik etsəydi, vəziyyət fərqli olardımı?
“Şəxslərin yox, Moskvanın məsələyə münasibəti dəyişməlidir”
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rüsiya sülhməramlı qüvvələri regiona özbaşına gəlməyib: “Bilirsiniz ki, bu, əldə olunan üçtərəfli razılaşmanın şərtlərinə görə mümkün olub. Həmin şərtlərə görə, sülhməramlı kontingent öz üzərinə müəyyən olunmuş missiyanı götürür. Ancaq təəssüflər olsun ki, məhz sülməramlıların rəhbəri Rüstəm Muradovun davranışında biz tam fərqli bir mənzərəni seyr edirik. Rüstəm Muradov orada özünü azərbaycanlılara və ermənilərə eyni münasibət bəsləyən, bitərəf mövqe tutmalı olan Rusiya sülhməramlı qüvvələrinin rəhbəri kimi yox, sanki qondarma rejimin “müdafiə naziri” kimi aparır. Bu çox ciddi məsələdir. Azərbaycan hakimiyyəti bu məsələni diqqət mərkəzində saxlamalıdır. Rüstəm Muradov Araik Arutyunyanla hansı statusda görüşür? Arutyunyan açıq şəkildə bəyan etdi ki, Gəncədə dinc əhalini öldürmək əmrini şəxsən özü verib. Bu adam bizim üçün cinayətkardır və hüquq-mühafizə orqanları ona qarşı cinayət işi açıb. Əminəm ki, Rüstəm Muradovun bütün bunlardan xəbəri var. Belə olan təqdirdə, onun atdığı addım çox ciddi nöqsan sayılır. Rüstəm Muradov, təbiidir ki, bunları öz istəyilə edə bilməz. Çünki o, Rusiyanı təmsil edir. İstənilən halda, biz bunları Moskvanın mövqeyi sayırıq. Şəxslərin yox, Moskvanın məsələyə münasibəti dəyişməlidir”.
Ekspertin sözlərinə görə, Rusiya sülhməramlıları Azərbaycanın ərazisində yerləşdiyindən, orada olan qondarma rejimi dəstəkləməli deyil: “Azərbaycanın qanunlarının həmin ərazidə işləməsinə nail olmalı, azərbaycanlıların və ermənilərin təhlükəsizliyinə təminat vermək missiyalarını icra etməlidirlər. Ona görə də digər məsələlərə qarışmaq və orada olan separatçılara dəstək vermək kimi qanunsuz hərəkətlər pislənməli və bunun qarşısının alınması üçün təcili tədbirlər görülməlidir. Belə addımlar təkrarlanacağı halda, Azərbaycan sülhməramlıların fəaliyyətinin dayandırılmasını tələb edə bilər. Hər halda, Rüstəm Muradov təcrübəli generaldır və gözəl bilir ki, Moskvanın xəbəri və ya icazəsi olmadan Araiklə görüşmək ona çox baha başa gələ bilər. Bunu edirsə, deməli, Moskvanın xəbəri var”.
Məhəmmədəli QƏRİBLİ