Xalqımıza xas olan bütün dəyərləri özündə əks etdirən azərbaycançılıq ideologiyası milli mədəniyyətimizlə, adət və ənənələrimizlə, qədim bədii sənətimizlə və ənənəvi bayramlarımızla, mərasimlərimizlə də sıx bağlıdır. Hər bir maddi və qeyri-maddi dəyərimiz özünü azərbaycançılıq platformasının, ideyasının ayrılmaz tərkib hissəsi olaraq ifadə edir. Müasir dünya azərbaycançılığı zəngin və çoxcəhətli görür, bu zəngin sərvəti dəyərləndirir.
Şübhəsiz ki, maddi və qeyri-maddi irsimizin dünyaya çatdırılmasında, beynəlxalq səviyyədə təbliğində, tanıdılmasında azərbaycançılğın xüsusi yeri var. Azərbaycançılıq Azərbaycan xalqının dövlətçilik ideologiyası olmaqla yanaşı, həm də birlik, həmrəylik platformasıdır ki, özündə bütün istiqamətləri birləşdirir.
İndiyə qədər Azərbaycan xalqının bir sıra maddi və qeyri-maddi irs nümunələrinin UNESCO-ya daxil edildiyini bilirik və bu bizə xüsusi qürur yaşadır.
Azərbaycanın “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” UNESCO-da...
Məlum olduğu kimi, “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 15-ci iclasında Azərbaycan Respublikasının təqdim etdiyi “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” adlı nominasiya sənədinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında qərar qəbul olunub. Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Xarici İşlər Nazirliyi, UNESCO yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə fəaliyyəti nəticəsində mümkün olub.
İclasda Azərbaycan Respublikasının nümayəndə heyəti adından çıxış edən Mədəniyyət Nazirliyinin rəsmisi Vasif Eyvazzadə qəbul olunmuş qərara görə ölkəmiz adından UNESCO-ya və qurumun qiymətləndirmə orqanına öz təşəkkürünü bildirib, nar mədəniyyəti və ənənələrinin Azərbaycan xalqının mədəni həyatında, mifologiyasında, qədim adət-ənənələrində, mətbəxində, kənd təsərrüfatında xüsusi yer tutduğunu vurğulayıb. Təşəkkür nitqində bu nominasiya faylının müvafiq siyahıya daxil edilməsi ilə nar mədəniyyətinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə əhəmiyyətli töhfənin verildiyi qeyd edilib.
Miniatür sənətimiz də UNESCO tərəfindən qorunacaq
Türk və Şərq mədəniyyətində xüsusi yeri olan miniatür sənəti əsrlərdir öz özəlliyi ilə diqqəti cəlb edir. Miniatür sənəti Şərqdə hər zaman məşhur olub. Böyük Azərbaycan miniatürçüsü Soltan Məhəmmədin böyük dəst-xətt yaratdığı məlumdur. Soltan Məhəmməd XVI əsrdə Təbriz miniatür məktəbini yaradıb. Bu günə kimi də Azərbaycanda miniatür sənəti populyardır.
Dekabrın 16-da Türkiyə, Azərbaycan, İran və Özbəkistanın birgə hazırladığı “Miniatür sənəti” nominasiya sənədi müzakirə olunub və bu mədəni elementin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında qərar qəbul edilib. Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi, Mədəniyyət və Xarici İşlər nazirlikləri, UNESCO yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə fəaliyyəti nəticəsində mümkün olub.
Məlumdur ki, Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur. Çoxmillətli nominasiya sənədində göstərilir ki, miniatür sənəti təqdim edən dövlətlərin cəmiyyətlərinin sosial və mədəni kimliyinin ayrılmaz hissəsi kimi qəbul edilir. Hər miniatür əsəri tarixi və mədəni irsin mövcudluğuna kömək edir, keçmiş və bu gün arasındakı mədəni bağları gücləndirir və ənənəvi memarlıq, mərasimlər, mədəni hadisələr və gündəlik həyatın bir çox digər sahəsini əks etdirən zəngin vizual məzmunu ilə tarixi sənəd roluna malikdir.
UNESCO-da erməni təxribatı...
Bilirik ki, Azərbaycan hər dəfə öz maddi və qeyri-maddi irs nümunələrini UNESCO-ya təqdim edərkən ermənilər hərəkətə keçir və müxtəlif təxribatlarla, saxta təqdimatlarla təxribatlar törətməyə cəhdlər edirlər. Onlar Azərbaycan xalqının tarixi milli irsinə qarşı hər zaman əsassız iddialar irəli sürürlər, lakin hər dəfə Azərbaycanın haqlı mövqeyi qarşısından geri çəkilməyə məcbur olurlar.
Mədəniyyət Nazirliyinin verdiyi məlumata görə, son proseslər zamanı da ermənilərin təxribat maşını işə düşübmüş... Belə ki, bu dəfə də Ermənistan iclasdan bir neçə həftə öncə təxribat törətməyə cəhd edib, UNESCO-ya göndərdikləri müvafiq etiraz müraciətlərində nominasiya sənədində Azərbaycanın Qarabağ ərazisində miniatür sənəti ilə bağlı məsələlərin qeyd edilməsinin guya yolverilməz olduğunu ifadə ediblər. Bununla yanaşı, Qarabağ miniatür sənətinin yalnız ermənilərə və xristian irsinə aid olduğunu iddia ediblər. Azərbaycan tərəfindən beynəlxalq hüququn prinsiplərinə, 2003-cü il Konvensiyasının ruhuna və tarixi həqiqətlərə istinad olunaraq təxribatçı ölkəyə müvafiq olaraq layiqli cavab verilib.
UNESCO - Azərbaycan əməkdaşlığı və Azərbaycanın uğurları...
UNESCO ilə əməkdaşlığın genişləndirilməsində, mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində əvəzsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyilə hazırda “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti”, "Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi”, kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısında, həmçinin, “Çovqan - ənənəvi Qarabağ atüstü oyunu” və "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” isə UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.
“Bu hadisələrin azərbaycançılıq nöqteyi-nəzərdən də yeri xüsusidir”
Filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli hesab edir ki, “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti”nin və “Minüatür sənəti”nin UNESCO-ya daxil edilməsi olduqca mühüm hadisədir. Bunun azərbaycançılığın təbliğatı üçün xüsusi yeri olduğunu qeyd edən ekspertin sözlərinə görə, zəngin Azərbaycan irsi bu mötəbər təşkilatın aidiyyəti siyahılarına salınmaqla onların dünya miqyasında mühafizəsi, təbliğatı həyata keçirilir.
Q.Məhərrəmli bildirdi ki, Azərbaycan Respublikası BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı -UNESCO-ya 1992-ci il iyunun 3-də üzv qəbul olunsa da, Azərbaycanın UNESCO ilə əlaqələrinin genişləndirilməsi isə 1993-cü ilin ikinci yarısından, Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra başlanıb.
UNESCO ilə Azərbaycan Respublikası arasındakı əlaqələrin 2004-cü ildə Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri seçiləndən sonra daha sürətlə inkişaf etməyə başladığını deyən ekspertin sözlərinə görə, Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer alıb və almaqda davam edir. “Azərbaycanla UNESCO arasında çox sıx və səmərəli əməkdaşlıq mühiti formalaşıb. Əlbəttə, bu mühüm əməkdaşlığın qurulımasında, formalaşamasında və hazırkı yüksək səviyyəsinə çatmasında ölkəmizin Birinci vitse prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun ölkəmizdəki xoşməramlı səfiri Mehriban Əliyevanın böyük xidmətləri var. “Miniatür sənəti”nin və “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti”nin UNESCO-ya daxil edilməsi bizim əldə etdiyimiz ən böyük uğurlardan biridir. Bu, zəngin Azərbaycan mədəniyyətinin dünyadakı yerini, mövqeyini göstərir. Hər iki hadisə çox mühümdür və bunu çağdaş mədəniyyət, sənət tariximiz üçün çox qiymətli hadisə kimi qiymətləndirirəm. Mehriban xanımın rəhbərliyi, təşəbbüsü və qayğısı ilə indiyə qədər Azərbaycanın bir sıra maddi və qeyri-maddi irs nümunələri ayrı-ayrı nominasiyalar üzrə UNESCO-ya daxil edilib. Azərbaycan tərəfindən “Miniatür sənəti”nin və “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti”nin UNESCO-ya daxil edilməsi Azərbaycan mədəniyyətinin, tarixinin, adət-ənənələrinin, ənənəvi bayramlarının zənginliyini, bəşəriyyət üçün gərəkliliyini, vacibliyini göstərir. Vətən müharibəsində qazandığımız qələbənin ardınca bu iki mühüm hadisənin də baş verməsi bizim mədəniyyətimizin, tarixi-mədəni irsimizin qələbəsidir. Hesab edirəm ki, bu həm də mədəniyyətimizə, musiqimizə, mətbəximizə, hətta bayramlarımıza belə iddia edən düşmənlərimizə də layiqli cavabdır. Azərbaycan hərtərəfli zəngin ölkədir və mədəni sərvətlərimiz, maddi-mədəni irsimiz də bu zənginliyi daha da parlaqlaşdırır. Bu hadisələrin azərbaycançılıq nöqteyi-nəzərdən də yeri xüsusidir. Azərbaycanın zəngin maddi və qeyri-maddi irsinin təbliği baxımdan bu hadisə əlamətdardır. Miniatür sənəti Azərbaycan xalqının mədəniyyətində xüsusi yer tutur. Tarixən bizim çoxlu sayda miniatür ustamız olub, onlar Şərq mədəniyyətində xüsusi izlər qoyublar. Şərq ədəbiyyatının görkəmli ədiblərinin, şair və alimlərinin, mütəfəkkirlərinin əlyazmalarını həmin rəssamların əl işləri bəzəyib. Bizim miniatürlərimiz bu gün dünyanın çox populyar muzey, kitabxana və şəxsi kolleksiyalarında saxlanır”.
Q.Məhərrəmli qeyd etdi ki, bu ənənəvi sənət hazırda Azərbaycanın miniatürçü rəssamları tərəfindən davam etdirilir. Nar bayramının da Azərbaycanda ənənəvi bayram kimi uzun illərdir qeyd edildiyini vurğulayan Q.Məhərrəmlinin sözlərinə görə, bu bayramımız da çox mühümdür. Xalqımızın mövsümi məhsul bayramları mədəniyyəti içində onun ayrıca yeri olduğunu deyən Q.Məhərrəmli hesab edir ki, Nar bayramı da özündə xalqımızın ənənəvi məhsul bayramları estetikasını əks etdirir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.