Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında deyib ki, Ermənistanın daxili siyasi vəziyyətinə qarışmaq məqsədi güdmədən demək istəyərdim ki, darmadağın edilən ordu Paşinyanın deyil, Köçəryan və Sarkisyanın 20 il ərzində yaratdığı ordudur:
“Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlını Paşinyanın ordusu dağıtmayıb. O elə bir tapşırıq vermirdi. Birincisi, dağıtmağa artıq heç nə yox idi. Bunların hamısını Köçəryan və Sarqkiyan rejimi törədib. Bu adamlar 20 il bizim iclaslarda iştirak edirdilər. Bu adamlar illər boyu mənimlə danışıqlar aparırdı. Biz bilirdik ki, bunların əli azərbaycanlıların qanına batıb. Biz o ərazilərə gələndə onların törətdikləri faciənin bütünlüklə gördük. Bu səbəbdən, vəziyyəti öz siyasi məqsədləri üçün istifadə edərək Paşinyana hücum edənlər başa düşməlidir ki, bu onun ordusu deyil, o, ordunu yaratmağı çatdırmazdı. Bəli, o lazım olanı etməyib, ancaq 20 il bu ordunu Köçəryanla Sarkisyan qururdu. Biz onların ordusunu darmadağın etdik”.
Göründüyü kimi, İlham Əliyev Azərbaycan torpaqlarını işğal edib dağıdanların sırasında, Paşinyandan daha çox, Serj Sarkisyan və Robert Köçəryanı təqsirkar sayır. Bu açıqlamanın Ermənistanın daxili siyasi həyatına nə kimi təsiri ola bilər?
“Onların nicatı bir-birini parçalayıb, daha layiqlisini hakimiyyətə gətirməkdən keçir”
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu fikirləri İlham Əliyev ilk dəfə deyil səsləndirir: “Yadınızdadırsa, Prezident işğaldan azad edilən ərazilərə səfər edərkən etdiyi çıxışda demişdi ki, Paşinyan kimdir ki, biz Köçəryan və Sarkisyan ordusuna qalib gəlmişik. Əslində Prezidentin bu fikirlərində siyasi çalar var. O heç də Paşinyanı müdafiə etmək məqsədi güdmür bu məsələdə. Hesab edirəm ki, ikinci dəfə səslənən bu fikir Ermənistandakı siyasi mübarizəni daha da qızışdıra bilər. Paşinyanın opponentləri bunu əllərində bayraq edəcəklər. Onsuz da Paşinyana müxalif olan qüvvələr onu Azərbaycana agentlik etməkdə təqsirləndirir. Hətta bununla bağlı mediaya da açıqlamalar veriblər. Hesab edirəm ki, bununla İlham Əliyev Ermənistandakı proseslərin daha da qızışmasına incə siyasi zərbə endirmiş oldu. Ermənistan ictimai rəyi hazırda şok içindədir. Onlar müharibənin şokunu hələ də yaşayırlar. Paşinyana qarşı ciddi müxalifət formalaşıb. Siyasi rəqiblər bir-birini gözdən salmağa arqument axtarır. Düşünürəm ki, artıq ikinci dəfə Paşinyanla bağlı səslənən nisbətən fərqli fikirlər ona qarşı olan qəzəbi daha da artıracaq. Təcrübəli siyasətçi kimi İlham Əliyev MDB sammitində bu çıxışı edəndə belə bir fikir işlətdi: “Ermənistanın daxili siyasi vəziyyətinə qarışmaq məqsədi güdmədən demək istəyərdim ki…” İlham Əliyev gözəl bilir ki, onun bu fikirləri Ermənistanda bomba effekti verəcək. İstənilən halda, onların vəziyyətinin gərgin olması bizə daha çox sərf edir. Qoy etdikləri səhvlərdən nəticə çıxarsınlar. Elə bilirdilər ki, ömürlük işğal etdikləri torpaqlar onlara qalacaq. Bu da səhv siyasətin acı nəticəsi. Onların nicatı bir-birini parçalayıb, daha layiqlisini hakimiyyətə gətirməkdən keçir”.
Ekspertin sözlərinə görə, İlham Əliyevin bu fikirlərinə həm də tarixi ədalət prizmasından yanaşmaq lazımdır: “Doğrudan da bizim torpaqlarımız məhz Paşinyandan əvvəlki prezidentlərin dönəmində işğal olunub. Hətta hər iki prezidentin karyerasında Qarabağ amili önəmli rol oynayıb. Həm Köçəryan, həm də Serj Sarkisyan hakimiyyətə Qarabağ kartı üzərindən gəlib”.
Məhəmmədəli QƏRİBLİ