Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı qərargahında Azərbaycanın ərazilərini işğal edən təcavüzkar Ermənistanın beynəlxalq hüquqi öhdəlikləri barədə geniş və əhatəli məruzə dərc edilib. Əsas müəllifi professor, kral vəkili Malkolm Şou (Böyük Britaniya) olan bu məruzə bir neçə müddəadan ibarətdir.
Məruzənin əsas müddəaları aşağıdakılardır:
Ermənistanın nizami silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionunun və ona bitişik yeddi rayonun işğal olunmasında bilavasitə iştirak ediblər.
Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində oyuncaq rejim qurub və onun mövcudluğunu müxtəlif üsullarla, o cümlədən, həmin ərazilərdə hərbi iştirakını saxlamaq yolu ilə dəstəkləməkdə davam edir. Ermənistan oyuncaq rejim pərdəsi arxasında özünün təcavüzkar rolunu gizlətməyə çalışaraq, beynəlxalq hüququn bu pozuntularına görə məsuliyyəti öz üzərindən götürə bilməz.
Beynəlxalq hüquq güc tətbiq edilməklə ərazilər əldə olunmasını qadağan edir. Buna görə də Ermənistan və ya onun oyuncaq rejimi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində görülən hər hansı tədbir bu ərazilərin əvvəlki hüquqi statusunu dəyişdirə bilməz və beləliklə həmin ərazilər beynəlxalq hüquqa görə Azərbaycan əraziləri olaraq qalır.
Məruzədə təcavüzkar siyasətlə bağlı digər məqamlar da yer alıb. Ermənistanın işğalçı siyasətini ifşa edən məruzə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi statusu ilə nəşr edilib və yayılıb. Bundan bir neçə gün əvvəl Avropa Parlamentinin Qarabağla bağlı məlum qərarı, indi də bu məruzə. Dalbadal sözügedən açıqlamalar diplomatik baxımdan Ermənistanın işğalçılıq siyasətinə vurulan zərbələrdir.
Maraqlıdır, bəs ekspertlər sözügedən sənədin əhəmiyyətini necə dəyərləndirirlər?
“Ermənistanda bu sənədləri ölkənin xarici siyasətinin iflası kimi xarakterizə edirlər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı BMT-nin məlum sənədi yayması ölkəmizin uğurudur: “Artıq Ermənistanın işğalçı ölkə kimi təsbit olunması beynəlxalq təşkilatların siyasətinin əsas məğzidir. Azərbaycanın apardığı iş məhz bunun bariz sübutudur. Hesab edirəm ki, Qarabağ münaqişəsinin nizamlanması istiqamətində bu sənədlər Azərbaycanın siyasi mövqeyini gücləndirməklə yanaşı, hərbi vasitələrə əl atmağa hüquqi zəmin yaradır. Ermənistanda bu sənədləri ölkənin xarici siyasətinin iflası kimi xarakterizə edirlər. Məhz Azərbaycan əvvəlki illərdən fərqli olaraq, Ermənistanı beynəlxalq təşkilatlarda işğalçı ölkə kimi qəbul etdirə bilir. Çünki bu reallıqdır və işğal faktoru ortadadır. Bu mühüm sənədlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə, bir növ, işğalçını ifşa edir. Fikrimcə, Azərbaycanın bu uğurlu siyasəti Ermənistanı iqnor hala salacaq. Bununla belə, onlarda məğlubiyyət sindromunu gücləndirəcək. Ard-arda məğlubiyyət Ermənistan üçün pis nəticə verəcək. Azərbaycan bu uğurları mütləq Qarabağda əldə edəcək. Onsuz da sözügedən proseslər buna hesablanıb”.
Vidadi ORDAHALLI