Ermənistanın Baş naziri Nikol Paşinyan dünya qarşısında özünü biabır etməkdə davam edir. Savadsızlığı, bilgisizliyi, siyasi sahədə piyada olması bir yana, öz davranışlarında da ciddi xətalara yol verir və bununla da gülüş, lağ obyektinə çevirilir.
Məlum olduğu kimi, iyunun 18-də “Şərq Tərəfdaşlığı” ölkələrinin videokonfrans formatında Sammitində Paşinyan da iştirak edib. Tək kompyuter qarşısında maska ilə oturması və bu şəkildə danışması onu gülüş hədəfinə çevirib. Bütün ölkələrin dövlət və hökumət başçıları videokonfrans formatında keçirilən Sammitdə maskasız danışdıqları halda, Paşinyan maska taxmaqla “şou” göstərdi. Virusun kompyuter vasitəsilə keçmədiyi məlum olduğu üçün, Paşinyanın maska ilə çıxış etməsinə nə ehtiyac vardı?
“...özünü beynəlxalq aləmdə gülüş obyektinə çevirdi”
Siyasi şərhçi Azər Həsrət bizimlə söhbətində bildirdi ki, Paşinyan məqsədli şəkildə sözügedən videokonfransa maska ilə qatılıb və bu şəkildə çıxış edib. Bunun Paşinyanın növbəti sədəqə dilənmək “şou”su olduğunu deyən A.Həsrət hesab edir ki, o, bununla böyük dövlətlərdən maliyyə yardımı, ianə qoparmaq istəyir. Paşinyanın bununla özünü gülməli bir obrazda təqdim etdiyini deyən A.Həsrət hesab edir ki, o, guya öz aləmində bununla koronavirusdan əziyyət çəkən erməni xalqının vəziyyətini dünya ictimaiyyətinə çatdırmaq istəyib, əvəzində isə özünü gülüş, lağ obyektinə çevirib: “Ümumiyyətlə, “Şərq Tərəfdaşlığı” ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Paşinyanın və onun timsalında dilənçi erməni xalqının gerçək sifəti üzə çıxdı. Paşinyan maska ilə kompyuter qarşısında əyləşərək ağzında maska çıxış etməklə öz aləmində az-yalavac, koronavirus pandemiyası caynağında olan erməni xalqının vəziyyətini göstərmək istəyib. Yəni o, bununla “ermənilər koronavirusdan qırılır, ölür, xəstəlik artır, bizim də onları sağaltmağa maliyyə imkanlarımız yoxdur” demək istəyir və beynəlxalq ictimaiyyətdən yardım diləyir. Bu “şou” Paşinyanın növbəti dilənçilik, ianə ummaq marağından irəli gəlir. O göstərmək istəyir ki, yazıq və məzlum erməni xalqı aciz durumdadır, bizə yardım edin. Əlbəttə, onun maska ilə təkbaşına kompyuter arxasında oturub bu şəkildə çıxış etməsi həm onun dilənçilik xislətindən, həm də siyasi naşılığından, nadanlığından irəli gəlir. Guya ki, kompyuterdən ona virus keçə bilər(?). Onun bu davranışı bir erməni məkri, hiyləsi və dilənçiliyi kimi xarakterizə edilə bilər. Paşinyan kompyuter qarşısında maska taxmaqla özünü beynəlxalq aləmdə gülüş obyektinə çevirdi” - deyə A.Həsrət qeyd etdi.
İradə SARIYEVA