Aleksandr Duqinin postsovet ölkələrinin suverenliyinin ləğvinə dair səsləndirdiyi fikirlər təsadüfi deyil və onun uzun illərdir müdafiə etdiyi neo-avrasiyaçılıq ideologiyasının məntiqi davamıdır. Bu ideologiya milli dövlət modelini tarixən tükənmiş hesab edir və Rusiyanı yalnız bir dövlət kimi deyil, bütün Avrasiya məkanını birləşdirməli olan mərkəzi “sivilizasiya gücü” kimi təqdim edir. Duqinə görə, SSRİ-nin dağılmasından sonra yaranmış müstəqil dövlətlər geosiyasi boşluq yaradıb və bu boşluq istər-istəməz Qərb, ABŞ, Avropa Birliyi və ya Çin tərəfindən doldurulur. Bu baxımdan o, postsovet məkanında suverenliyin mövcudluğunu Rusiyanın təhlükəsizliyinə birbaşa təhdid kimi dəyərləndirir.
Duqinin beynəlxalq hüquqa açıq etinasızlığı da bu düşüncə tərzindən qaynaqlanır. O hesab edir ki, beynəlxalq hüquq güclü dövlətlərin maraqlarını gizlətmək üçün istifadə olunan formal mexanizmdir və artıq real təsir gücünü itirib. Bu səbəbdən Rusiya üçün daha sərt, açıq gücə əsaslanan və ABŞ-ın tarixdə tətbiq etdiyi Monro doktrinasına bənzər bir “Avrasiya doktrinası”nın elan edilməsini təklif edir. Bu modeldə suveren milli dövlətlərə yer yoxdur və bütün region Moskvanın siyasi və hərbi nəzarəti altında birləşməlidir. Onun milli dövlətləri “keçmişin zibili” adlandırması da məhz bu imperiya mərkəzli baxışın ifadəsidir.
Bu ritorikanın son dövrlərdə daha aqressiv xarakter alması Rusiyanın real vəziyyəti ilə sıx bağlıdır. Ukrayna müharibəsi göstərdi ki, Moskva öz hərbi və siyasi gücünü əvvəlki kimi asanlıqla tətbiq edə bilmir və uzunmüddətli münaqişələr Rusiyanın resurslarını ciddi şəkildə tükəndirir. Paralel olaraq postsovet ölkələrinin əksəriyyəti daha müstəqil, çoxvektorlu xarici siyasət yürütməyə başlayıb, regional və qlobal güclərlə alternativ tərəfdaşlıqlar qurur. Bu proses Rusiyanın ənənəvi təsir dairəsinin daralmasına gətirib çıxarıb və Duqinin sərt çağırışları da məhz bu itkilərə verilən ideoloji reaksiyadır.
Reallıqda isə Rusiya Duqinin səsləndirdiyi planları həyata keçirmək gücündə deyil. Ölkə həm hərbi baxımdan bir münaqişəyə ciddi şəkildə bağlanıb, həm də iqtisadi sanksiyalar və daxili problemlərlə üzləşib. Eyni zamanda postsovet dövlətləri artıq 1990-cı illərdəki kimi zəif və institusional baxımdan formalaşmamış vəziyyətdə deyil. Onların orduları, dövlət institutları, milli kimlikləri və beynəlxalq əlaqələri mövcuddur. Xüsusilə Orta Asiyada Çinin artan iqtisadi və siyasi təsiri Rusiyanın təkbaşına hegemonluq qurmaq imkanlarını ciddi şəkildə məhdudlaşdırır və Moskvanın bu bölgəni tam nəzarət altına almasına Pekin tərəfindən razılıq verilməsi real görünmür.
Bütün bunları nəzərə aldıqda, Duqinin çıxışları daha çox Rusiyanın daxilində və ətrafında ideoloji səfərbərlik yaratmağa, qorxu və təzyiq vasitəsilə təsir imkanlarını qorumağa yönəlmiş ritorika təsiri bağışlayır. Bu çağırışlar real güc balansını dəyişməkdən çox, region ölkələrində narahatlıq yaratmaq məqsədi daşıyır. Paradoks ondadır ki, məhz bu cür açıq imperiya iddiaları postsovet dövlətlərini Rusiyadan daha da uzaqlaşdırır, onların suverenliyə daha həssas yanaşmasına və alternativ regional və qlobal tərəfdaşlıqları gücləndirməsinə stimul verir.
Akif NƏSİRLİ