Mingəçevir Şəhər Polis Şöbəsində respublikanın Şimal-Qərb, Şirvan, Aran və Qarabağ bölgələrinin ərazi polis orqanlarının xidmət üzrə rəis müavinlərinin, qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumları əməkdaşlarının iştirakı ilə növbəti zona müşavirəsi keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, toplantıda cari ilin ötən dövründə aidiyyatı xidmət tərəfindən görülən işlər, o cümlədən bələdiyyə seçkiləri ilə bağlı polis orqanlarının qarşısında duran vəzifələr geniş müzakirə olunub.
Müşavirədə respublika daxili işlər nazirinin müavini, polis general-mayoru İsmət Əliyev iştirak edib.
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general- mayoru Ərziman Əliyev görülən işlər və xidməti fəaliyyədə buraxılmış nöqsanların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məruzə ilə çıxış edib.
Daha sonra mövzu ətrafında müxtəlif çıxışlar dinlənilib, müzakirə və fikir mübadiləsi aparılıb.