BMT Bərzaninin prezident postunu tərk etməsindən sonra da İraq kürdüstanı ilə əlaqələri davam etdirəcək.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə ümumdünya təşkilatının Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bəyan edib.
Düjarrik bazar ertəsi gündəlik brifinqdə çıxışında deyib ki, BMT rəsmi Bağdad və Baş nazir Heydər əl-Abadi ilə əlaqələrə malikdir və bu əlaqələr davam edəcək. “Təbii ki, bizim regional Kürd Muxtariyyəti ilə də əlaqələrimiz var və biz yerli liderlərlə dialoqu davam etdirəcəyik”- o deyib.
Xatırladaq ki, daha öncə 1 noyabr tarixində prezident səlahiyyətləri başa çatan İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani yeni dönəmdə prezidentliyə namizədliyini verməyəcəyini açıqlayıb. Buna səbəb onun sentyabrın 25-də qanunsuz müstəqillik referendumu keçirməsi olub ki, referendumun ardından qonşu ölkələrin Muxtariyyətlə bütün ticari-iqtisadi əlaqələri kəsməsi onu qısa müddət ərzində anklav vəziyyətinə saldı. Nəticədə İraq Ordusu əraziyə daxil olaraq, heç bir müqavimətlə qarşılaşmadan ölkənin ərazi bütövlüyünü bərpa etdi.