ABŞ-da Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi və Donald Trampın komandasının Rusiya ilə gizli əlaqələrinə dair təhqiqat aparan xüsusi prokuror Robert Müller ilk ittihamlarını irəli sürüb.
Baki-xeber.com xəbər verir ki, bu barədə məlumat yayan CNN-ə görə federal böyük münsiflər heyəti xüsusi prokuror Müllərin başçılığı ilə Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı aparılan istintaqda ilk ittihamı təsdiq edib.
Lakin federal hakimin qərarına əsasən cinayət işinin materiallarının əldə edilməsinə məhdudiyyət qoyulub. Bu səbəblə ittihamların xarakteri, eləcə də iş üzrə adı keçən şəxslərin kimliyi və sayı bəlli deyil. Lakin mətbuat orqanı bəzi mənbələrə istinadən bildirib ki, ittiham olunan şəxs bazar ertəsi oktyabrın 30-da həbs oluna bilər.
CNN bildirib ki, Müllerin komandasında çalışan vəkillər cümə günü Vaşinqtonda böyük münsiflər heyətinin ifadələri dinlədiyi federal məhkəməyə daxil olarkən görülüb.
Müller istintaqla bağlı məlumatları gizli saxlayır.
Müllerin istintaqından əlavə, üç Konqres komitəsi Rusiyanın seçkiyə müdaxiləsi ilə bağlı təhqiqat aparır.
Qeyd edək ki, Federal Təhqiqatlar Bürosunun (FBI) sabiq direktoru Robert Müller bu ilin mayında “Rusiya işi” ilə bağlı xüsusi prokuror təyin olunub. Təhqiqatı baş prokurorun-ədliyyə nazirinin müavini Rod Rozenşteyn koordinasiya edir. R. Rozenşteyn prezident Donald Tramp tərəfindən FBI direktoru Ceyms Kominin işdən kənarlaşdırılmasından sonra xüsusi prokuror təyinatını həyata keçirib. R. Müller C. Kominin 2016-cı ilin iyulunda başladığı təhqiqatı davam etdirib və genişləndirib. Təhqiqat D. Trampın köməkçiləri, onların Rusiya təmsilçiləri ilə görüşləri, seçki kampaniyasının maliyyələşdirilməsi məsələləri üzərində cəmlənib. Əsas şübhəlilərdən biri Trampın seçki qərargahının sabiq rəhbəri Pol Manafortdur. P. Manafortun çirkli pulların yuyulmasında ittiham oluna biləcəyi iddia edilir.
Müxalif demokratlar təhqiqatın nəticələrinin Donald Trampın vəzifədə kənarlaşdırılması (impiçment) üçün əsas yaradacağına ümid bəsləyirlər.