Türkiyə və Azərbaycana qarşı düşmənçiliyi ilə tanınan ABŞ senatoru Bob Menendezin Senatın Xarici Əlaqələr Komitəsinin sədrliyindən uzaqlaşdırılması ilə bağlı ətraflı təhlil dərc edən “New York Times” qəzeti Türkiyə və Azərbaycanla bağlı diqqətçəkən məqamlara toxunub.
Təhlildə Menendezin İsveçin NATO-ya qəbulu üçün Türkiyə qarşısında F-16 tələbi qoyduğu bildirilib. Menendezin Kipr, İsveçin NATO-ya mümkün üzvlüyü, Suriya və bir çox başqa mövzularda Türkiyənin xarici siyasətinə qarşı olduğunu bildirən qəzet, yeni rəhbərliklə iki tərəf arasında gərginliyin azalacağına işarə edib.
Qəzet yazır ki, Menendezin Ermənistanla güclü siyasi və şəxsi əlaqələri var. Onun senatoru olduğu Nyu-Cersi ştatında çox sayda erməni yaşayır və o, etnik erməni olan Nadin Arslanyanla evlidir. Menendezin rüşvət davasında adı keçən Nadine həm də saxta "soyqırımın" təbliğatçılarından biridir.
Qəzet yazır ki, Azərbaycanın Qarabağ qələbəsi ərəfəsində Menendes ABŞ-ın daha sərt cavab verməsi üçün təzyiq göstərirdi. Ermənilərin Konqresdəki ən böyük dəstəkçilərini itirdiklərini xatırladan “New York Times”, Bayden administrasiyasının Qarabağa dair digər məsələlərlə bağlı qərarların qəbulunu təxirə salacağını bildirib.
Tahir TAĞIYEV