Sığınacaq uşaqlarına nə məktəblər, nə də bağçalar sahib çıxır...

Kəmalə Ağazadə: “Sığınacaqda olan uşaqları məktəbə, bağçaya sənədsiz götürmürlər, bəs bu uşaq nə etsin?”

img

Azərbaycanda yeni tədris ilinin başlamasına təxminən bir ay vaxt qalıb. Yeni tədris ili ilə bağlı valideynlər övladını məktəbə, balacaları isə bağçaya yazdırır.

Ancaq sığınacaqda olan uşaqlar nə məktəbə, nə də bağçaya götürülür. Bir sözlə, məktəb və bağçalar sığınacağa yerləşdirilən uşaqları qəbul etmək istəmir.

  • “Uşaqların sənədləri düzələnə qədər, qeydiyyata aparılana kimi müvəqqəti bir altsistem formalaşdırılmalıdır”

 “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə bildirdi ki, bir neçə həftə sonra dərslər başlayacaq, amma onların bir neçə uşağı var ki, heç vaxt təhsil almayıblar: “Uşaqların bir qisminin sənədləri yoxdur. Mən onları məktəbdən öncə fərdi təhsilə cəlb etməliyəm. Çünki onlar heç vaxt təhsil almayıblar. Pandemiya dövründə fərdi təhsil tamamilə dayandı. Adi məktəblər də bağlandı. Bu uşaqları məktəbə, bağçaya sənədsiz götürmürlər. Bəs bu uşaq nə etsin? Təhsil dövrü gözləmir, keçir. Uşaqlar təhsildən geri qalsınlar ki, sənədləri düzəlməyib? Bu problem üçün alternativ yol tapılmalıdır. Axşam məktəbi təşkil edilməli, ya da başqa bir çıxış yolu tapılmalıdır. 15 yaşlı qız niyə məktəbə getməməlidir? Biz sığınacaqda saymağı, hərfləri öyrədirik. Amma bununla bitmir axı. Fərdi təhsilə cəlb olunması gərəkli olan yeddi uşağımız var. Daha bir rəsmi məktub ünvanlamağı düşünürəm. Bu il bizim uşaqlardan universitet qazanan olmadı. İki qızımız kollecə, iki qızımız isə peşə təhsilinə qəbul olunub”.

Birlik sədri onu da əlavə etdi ki, bağçalarda da oxşar vəziyyət yaşanır: “Məlumdur ki, sığınacağa gətirilən azyaşlıların sənədləri yoxdur. Sənədsiz uşaqlara sənəd düzəltmək çox çətin prosedurdur. Bu gün bağçaya getməli olan səkkiz uşaq var, onun cəmi üçünün sənədi var. Uşaqların sənədləri düzələnə qədər, qeydiyyat aparılana kimi müvəqqəti bir altsistem formalaşdırılmalıdır. Fərdi təhsili kiçik bir imtiyaz kimi yaratmaq olar”.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər