Samur-Abşeron su kanalının Novxanı-Goradil hissəsi "ictimai tualetə" dönüb - çoxlu iri məmurların düz yolunun üstüdür…

img

Samur-Abşeron su kanalında antisanitar vəziyyət hökm sürür. Belə ki, su kanalı zibil və çirkabın içindədir. Kanalın Novxanı-Gorədil yolunun kənarından keçən hissəsində çirkab, üfunət baş alıb gedir.

Həmin ərazidə yaşayan sakinlər bildirir ki, səbəb əraziyə zibil konteynerlərinin qoyulmaması, bəzi sakinlərin, eləcə də Novxanı çimərliyinə gedənlərin zibil tullantılarını bu kanala atmasıdır: “Kanalın ətrafının zibillə dolmasının səbəbi bu ərazidə zibil qablarının olmamasıdır. Bu səbəbdən də kanalın ətrafından keçən şəxslər əllərində olan zibili ora atır. Elə insanlar olur ki, əlindəki şüşə qırıntısını, uşaq bezini, yararsız əşyaları zibil qutularına deyil, su kanalına, küçəyə atırlar. Yaxınlıqda bir neçə yerdə zibil qutuları olarsa insanlar zibili kanalın ətrafına atmaz”. 

Sakinlər onu da bildirir ki, ərazidə antisanitar, xoşagəlməz mənzərə yaranıb. Yaşayış evlərinə çox yaxın hissədə, kanal ətrafında üfunətdən dayanmaq olmur. Gəmiricilər saysız-hesabsızdır.

  • “Meliorasiya və Su Təsərrüfatı” ASC - Dilqəm Şərifov: “Bu kanal tez-tez təmizlənir, ancaq yaşayış ərazisində olduğu üçün…”

Məsələyə münasibət bildirən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin mətbuat katibi Dilqəm Şərifov bildirdi ki, problemdən xəbərdardır və kanal mütəmadi olaraq təmizlənir: “Bu kanal tez-tez təmizlənir. Ancaq yaşayış ərazisində olduğu üçün insanlar həmin kanalı zibilləyir. Kanala tökülən zibil ətrafı çirkləndirməkdən əlavə, kanal vasitəsilə axaraq su təsərrüfatı obyektlərinə ziyan vurur. Yaranmış vəziyyətlə əhali məsuliyyətli olmalıdır. İnsanlar əlində olan zibili, adi plastmas su qabını belə kanala atır. Əməkdaşlar kanalın təmizlənməsi ilə məşğul olur”.

  • Elxan Əliyev: “Bakıətrafı hansı qəsəbəyə baxırsan, ya zibillər vaxtında aparılmır, ya da yaşayış məntəqələrinin yaxınlığında natəmizlik hökm sürür”

Sosial sahə üzrə ekspert Elxan Əliyev qeyd etdi ki, qəsəbələrin idarəçiliyi dəyişməlidir: “Problem ondadır ki, icra nümayəndəlikləri onlara həvalə olunan işlərin öhdəsindən gələ bilmir. Bakıətrafı hansı qəsəbəyə baxırsan, ya zibillər vaxtında aparılmır, ya da yaşayış məntəqələrinin yaxınlığında natəmizlik hökm sürür. Elə yerlər var ki, orada zibil qabları olmadığı üçün sakinlər tullantıları ətrafa atır. Bir növ sözügedən məsələdə bir uyğunsuzluq var. Halbuki, hər il dövlət büdcəsindən məişət tullantılarının daşınması ilə əlaqədar milyonlarla vəsait ayrılır. Problem ondadır ki, bu məqsədlə ayrılan vəsaitlərin müəyyən hissəsi mənimsənilir”.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər