Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 815 güzəştli mənzili satışa çıxarır. Bu barədə MİDA-dan bildirilib.
Məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin 4 saylı binası üzrə 64, 5 saylı binası üzrə 53, 6 saylı binası üzrə 44, 9 saylı binası üzrə 44, 10 saylı binası üzrə 64, 11 saylı binası üzrə 54, 12 saylı binası üzrə 44, 14 saylı binası üzrə 21, 17 saylı binası üzrə 44, 18 saylı binası üzrə 44, 19 saylı binası üzrə 41, 20 saylı binası üzrə 8, 21 saylı binası üzrə 44, 22 saylı binası üzrə 39, 23 saylı binası üzrə 39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzrə 72 və 26 saylı binası üzrə 72 mənzil satışa çıxarılıb.
Qeyd edək ki, mənzillərin satışı 15 sentyabr 2022-ci il tarixində saat 11:00-da başlayacaq və 22 sentyabr 2022-ci il tarixi saat 11:00-a qədər davam edəcək.
Xatırladaq ki, bundan əvvəl baş tutan güzəştli mənzil satışı zamanı mənzillərin bir neçə saniyə ərzində satılması böyük müzakirələrə səbəb oldu. Daha sonra Dövlət Təhlükəsizliyi Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayaraq “Güzəştli mənzil” sistemi vasitəsilə 30.03.2022-ci il tarixdə keçirilmiş mənzil seçimi mərhələsinin nəticələrinin ləğv edildiyini açıqladı. Mənzillərin güzəştli şəkildə seçilməsinin həyata keçirildiyi “Güzəştli mənzil” sistemi üzrə mənzillərin seçimi prosesinə kənar şəxslərin qanunsuz müdaxiləsi halları ilə bağlı Agentliyin Dövlət Təhlükəsizliyi Xidmətinə müraciəti əsasında aparılan araşdırmalar nəticəsində bir neçə nəfərin müəyyən edilərək saxlanıldığı bildirildi. Baş verən hadisə növbəti satış zamanı da bu cür kənar müdaxilələrə yol verilə biləcəyi barədə cəmiyyətdə fikirlər yaradıb. Bir çoxları prosesin şəffaf şəkildə keçirilməsinə inamını itirdiyini bildirir. Maraqlıdır, mənzillərin seçim və satış qaydalarının təkmilləşdirilməsi gözlənilirmi, bu sahədə hər hansı bir yenilik tətbiq olunacaqmı?
“Ölkənin kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi ekosistemindəki yeni normalara görə, MİDA sistemi də kritik informasiya infrastrukturuna daxil olan qurumlardan olacaq”
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirdi ki, MİDA güzəştli mənzillərin satışı haqqında növbəti elan verib. İlk dəfə olaraq rekord sayda, 815 mənzilin onlayn formada satışa çıxarılacağı bildirilib.: “Burada maraqlı məqam odur ki, adıçəkilən elanda mənzillərin satışının əvvəlki qaydada, yəni onlayn formada olacağı bildirilib. Yəni satış “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemində şəxsi kabinet formalaşdırmaqla elektron qaydada həyata keçiriləcək. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir. MİDA dərc olunan elanında indiyədək mövcud olan Qaydalarda hansısa dəyişiklik haqqında məlumat verməyib. Amma DTX və MİDA-nın sonuncu mənzil satışı ilə bağlı məlumatından, sistemə qanunsuz müdaxilə səbəbindən bu satışın nəticələrinin ləğvindən sonra gözlənilirdi ki, “Güzəştli mənzil” infromasiya sistemi və güzəştli mənzillərin seçim Qaydaları təkmilləşdiriləcək.
Bununla bağlı bizim tərəfimizdən də bir xeyli təkliflər verilmişdi. Ölkənin kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi ekosistemindəki yeni normalara görə MİDA sistemi də kritik informasiya infrastrukturuna daxil olan qurumlardan olacaq.
Belə olan halda bu informasiya sisteminin də yenidən İT auditi gündəmə gəlməlidir.
Ümumiyyətlə, düşünürəm ki, yeni satışdan öncə sistemin təhlükəsizliyinin və botlara, kənar müdaxilələrə qarşı dayanıqlığının auditdən keçirilməsi, DEMO versiya ilə satış modulunun kodlarının tam dəyişdirilməsi, onlayn satış prosesini əks etdirən bütün datanın açıqlanması, ən tez və ən gec seçilən mənzillər haqqında ayrıca məlumatların verilməsi, satış prosesində şəffaflığın təmin edilməsi, satış prosesinin sosial mediada və TV-də canlı yayımlanması və s. doğru olardı”.
Günel CƏLİLOVA