Masallının qəhrəman oğlu Elçin Qismət oğlu Novruzov Vətən torpaqlarının azadlığı uğrunda ikinci Qarabağ müharibəsində könüllü iştirak edir. Füzulidə gedən döyüşlərində xüsusi rəşadət göstərir. Döyüşdən-döyüşə düşmənə qan qusduran igid Vətən sevdalısı 31 yaşında şəhidlik zirvəsinə ucalır. Onun şərəfli ölümü bütün masallılara başucalığı olur. Vətən müharibəsi şəhidinin nəşi 16 noyabr 2020-ci il tarixdə Hüseynhacılı kənd qəbiristanında izdihamla torpağa tapşırılır. Həm də ölümündən sonra dövlət tərəfindən “Döyüşdə fərqləndiyinə görə”, “Vətən uğrunda”, və “Füzulinin azad olunmasına görə” medallarına layiq görülür.
Elçin Novruzov Rusiyanın Voronej şəhərində anadan olub. Sonradan Masallıya köçüb. 2007-ci ildə Hava Hücumundan Müdafiə qüvvələrinin sıralarında hərbi xidmətdə olub. Masallılar öz qəhrəman oğlunu ürəyinə yaşatmaqla həmişə onu ehtiramla yad edir, adını böyük fəxrlə çəkirlər. Elçinin ad gününə toplaşan camaat igidin keçdiyi mənalı həyat yolundan məhəbbətlə söz açdılar, onu Vətənə, torpağa sevgi rəmzi kimi örnək göstərdilər.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü