“Via Travel” turizm şirkətinin müştəriləri aldadaraq onların pulunu mənimsədiyi iddia edilir. Bu barədə turizm şirkətinə müraciət etmiş şəxslər şirkətin sosial şəbəkə hesabındakı paylaşımların şərh bölməsində qeyd ediblər. Müştərilər sözügedən şirkətin rəhbəri Ülvi Abbaslının onlara satdığı turpaketlərin saxta olduğunu iddia edib və ödədikləri pulların geri qaytarılmasını tələb ediblər.
Qeyd edək ki, bəzi digər turizm şirkətlərinin rəhbərləri də “Via Travel” turizm şirkəti tərəfindən dələduzluğa məruz qaldıqlarını iddia edirlər.
Şikayətçilər qeyd edir ki, bir müddət öncə Ülvi Abbaslıdan müəyyən turpaketlər alıblar, lakin həmin turpaketlərin saxta olduğunu biləndən sonra Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa şikayət ediblər.
Onu da qeyd edək ki, adıçəkilən turizm şirkəti ilə bağlı Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, mövzu ilə bağlı araşdırmalar aparılır və hüquqi qiymət veriləcək: “Şirnikləndirici vədlər verərək əvəzində aşağı səviyyədə xidmət göstərən turizm şirkətlərilə bağlı daxili işlər orqanlarına müraciətlər daxil olur. Daxil olan müraciətlər əsasında araşdırmalar aparılır və araşdırmanın nəticəsindən asılı olaraq məsələlərə hüquqi qiymət verilir.Tövsiyə edirik ki, vətəndaşlarımız etibar etmədiyi şirkətlərə müraciət etməsinlər”.
“Via Travel” turizm şirkəti: “Hər yazılan, deyilən söz doğru olmur, bizdən saxta turpaket satılmayıb”
Məsələ ilə bağlı “Via Travel” turizm şirkəti ilə əlaqə saxladıq.
Şirkətin mühasibi “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hər yazılan, deyilən söz doğru olmur: “Bizdə saxta turpaket satılmayıb, deyilənlər yanlışdır”.
Elçin Rüstəm: “Bazarda özlərini turizm şirkəti kimi təqdim edən dələduzlar yetərincədir”
Turizm sahəsi üzrə ekspert Elçin Rüstəm bildirdi ki, bazarda özlərini turizm şirkəti kimi təqdim edən dələduzlar yetərincədir: “Onlar turistlərin etimadından istifadə edərək onları aldadırlar. Belə fırıldaqçılıqla məşğul olan turizm şirkətləri xarici ölkələrə və ölkə daxilində çox ucuz qiymətə tur təşkil etdiklərini söyləyirlər. Maya dəyərindən aşağı təkliflər isə müştəriləri şirnikləndirir. Halbuki, onların otelləri belə olmur. Uçuşa bir həftə qalmış dələduzlar ofislərini və telefon nömrələrini bağlayaraq aradan çıxırlar. Belə dələduz şirkətlər avqust ayında daha da artır. Onlar iyun və iyul aylarında fəaliyyət göstərərək müştərilərin etimadını qazanırlar”.
Günel CƏLİLOVA