Dövlət Ekoloji Təhlükəsizlik Xidməti - Vaqif Cavadov: “Hasarlanmış ərazidə tullantıların və qurumuş ağac budaqlarının olduğu müəyyən edilib, lakin ağac kəsintisi…”

Dövlətimiz yaşıllığın salınmasını, ağac əkimini təbliğ etsə də, təəssüflər olsun ki, cəmiyyətimizdə tez-tez bunun əksi ilə rastlaşırıq. Çoxillik ağaclar bir çox hallarda iş adamlarının, əsasən də MTK-ların qurbanı olur. Sosial şəbəkədə yayılmış məlumata əsasən, Atatürk parkının Həsən Əliyev küçəsi tərəfindən kəsişməsində 20-dən artıq ağac, onlarla bəzək və gül kolu məhv edilib.
Prospektin Həsən Əliyev küçəsi ilə kəsişməsindəki yaşıllıq zolağı neçə müddətdir ki, dəmir hasara alınıb. Həmin ərazidə yaşayan sakinlər qeyd edir ki, yaşıllığın məhv edilməsi uzun müddətdir davam edir: “Ehtimal olunur ki, həmin ərazidə tikinti işi aparılacaq. Yaşıllığı məhv edib, yerində bina və ya hansısa obyekt tikiləcək. İnsanlar təmiz havaya, yaşıllığa həsrət qalıb”.
Qeyd edək ki, zamanla bir sıra ərazilərdə yaşıllığın məhv olması ilə bağlı məlumatların şahidi oluruq. Ekspertlər bildirir ki, “Ətraf mühitin mühafizəsi haqqında” qanunun konkret maddələri pozulur, bu halın qarşısının alınması üçün də ciddi tədbirlər görülməlidir. Təbiətə qəsd edənlər cəzasız qalanda bu əməllərini daha da genişləndirirlər. Bu səbəbdən də təbiəti məhv edənlər sərt şəkildə cəzalandırılmalıdır.
- “Mülkiyyətçi müəyyən olunduqdan sonra ərazinin təmizlənməsi və ağaclara aqrotexniki xidmət göstərilməsi təmin ediləcək”
Məsələ ilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Atatürk parkının Həsən Əliyev küçəsi tərəfindən kəsişməsində ağacların kəsilməsi ilə bağlı şikayət araşdırılıb: “Sözügedən ünvana keçirilən baxış zamanı hasarlanmış ərazidə tullantıların və qurumuş ağac budaqlarının olduğu müəyyən edilib, lakin ağac kəsintisi faktı qeydə alınmayıb. Hazırda torpaq mülkiyyətçisinin müəyyən olunması istiqamətində araşdırma aparılır”.
V.Cavadovun sözlərinə görə, mülkiyyətçi müəyyən olunduqdan sonra ərazinin təmizlənməsi və ağaclara aqrotexniki xidmət göstərilməsi təmin ediləcək.
Günel CƏLİLOVA