Hamıya əziz, doğma ad...

img

Masallı rayonunun Ağakişibəyli  kəndində kiçikdən böyüyə hamıya doğma bir ad vardır. Bu, Nurlan Əbilovun adıdır. Nurlan İkinci Qarabağ müharibəsində Vətən torpaqların azadlığı naminə düşmənə qarşı qəhrəmancasına döyüşərək sözün əsl mənasında tarix yazıb. Məhz buna görə də milyonların ürəyində özünə əbədi məskən edən qəhrəman Vətən sevdalısı həmişə Masallı camaatı tərəfindən ehtiramla xatırlanır, qısa, şərəfli ömür yolu örnək sayılır.

Nurlan Əbilovun həyatı kiçik yaşlardan əzab-əziyyətli keçir. Qaldı ki, Vətəninə, xalqına olan halal sevgisinə tapınaraq yaşayır. Atasını uşaq ikən itirib. Orta təhsil aldıqdan sonra Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə qəbul olunub, lakin anasının vaxtsız ölümü onu təhsilini dondurmağa məcbur edib. Vətən müharibəsi zamanı 8 oktyabr tarixində Füzuli istiqamətində gedən döyüşlərdə baş nahiyəsindən ağır yaralanıb və Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirilir. 19 aprel 2021-ci ildə müalicə aldığı Hospitalında ömrünü canından artıq sevdiyi Vətəninə tapşırır. “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunur. Vəfatından sonra yarımçıq qoyduğu ali təhsil haqda diplom ailəsinə təhvil verilir. Özündən sonra iki azyaşlı övladı əmanət qalıb.

Nurlanın doğum günüdə, yəni 28 yaşının tamamında  bütün kənd özlərinə müqəddəs yer bildikləri şəhidin evinə toplamışdı. Onun haqqında xatirələr dilə gəldi, hamı əzəldən Nurlanın Vətən üçün böyüdüyünü söylədilər. Daha sonra şəhidin məzarını ziyarət edib üstünə gül dəstələri düzdülər.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Peşə etikası

Son xəbərlər