Autizm xəstəsi uşaqlara əziyyət verən psixoloqların görüntüləri yayıldı...

img

Bu gün bütün dünyada autizm olduqca yayılmış bir xəstəlikdir. Azərbaycanda da bu xəstəlikdən əziyyət çəkənlərin sayı çoxdur. Hazırda dünyada hər 88 uşaqdan 1-i, Azərbaycanda isə hər 100 uşaqdan 2-3-ü autizmli doğulur. Autizmdən əziyyət çəkən uşaqların sayının artması ölkə ictimaiyyətini narahat edir.

Autist uşaqlar həssas olduğu üçün onlarla peşakarlar məşğul olur. İddia olunur ki, psixoloqlar autizmli uşaqları döyür. Jurnalist Esmira Cavadova sosial şəbəkədə yazaraq qeyd edir ki, autizmli uşaqlar psixoloqlar tərəfindən şiddətə məruz qalır: “Bu kimi hallarla qarşılaşan valideynlər hadisənin ictimailəşdirilməsindən çəkinir, bəzi analar isə həyat yoldaşından qorxduğu üçün gizli saxlayır. Bəs övladı şiddətə məruz qalan valideynlər nə etməli, nəyə diqqət yetirməlidirlər?”

  • Elnur Məmmədli: “Valideynlər bu məsələlərdə diqqətli olsunlar, övladlarını nəzarətdə saxlasınlar”

Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədli bildirdi ki, valideynlər müraciət etdikləri qurumları, mərkəzləri dərindən araşdırmalı, mütəxəssis seçimində diqqətli olmalıdırlar: “Hazırda demək olar ki, əksər mərkəzlər kamera sistemi ilə təchiz olunub. Mənim övladımda da bu problem var. İllərlə bu işlə məşğul olan, mübarizə aparan bir şəxs, bir valideyn olaraq deyə bilərəm ki, bunu heç kimə bağışlamaram. Düzü, belə halla qarşılaşmamışam, rastıma çıxmayıb. Bizə üzv olan klubların ailələrindən də müraciət daxil olmayıb.

Əlbəttə, ortada fakt varsa, hüquq-mühafizə orqanlarına müraciət edilməlidir. Valideynlər bu məsələlərdə diqqətli olsunlar, övladlarını nəzarətdə saxlasınlar. Ən önəmlisi, güvəndikləri, etibar etdikləri yerləri seçməli, mütəxəssisləri yaxından tanımalıdırlar”.

  • Könül İsmayılova: “Autizm xəstəsi ilə məşğul olmaq böyük səbr tələb edir, özünü psixoloq adlandıran hər kəs bu uşaqlarla məşğul ola bilməz”

Psixoloq Könül İsmayılova qeyd etdi ki, hazırda ölkədə sindromlu uşaqların sayında artım nəzərə çarpır. Buna görə də erkən diaqnoz nə qədər tez qoyulsa, müsbət nəticə əldə etmək bir o qədər asan olar. Belə uşaqlar göz təmasından qaçır, reaksiya vermir, gülümsəmir, davamlı bir nöqtəyə baxır, hər şeyin eyni olmasını istəyir, dəyişikliklərə həddindən artıq mənfi reaksiya verir, tək qalmağı sevir, təmasdan və qucağa alınmaqdan xoşları gəlmir. Həmin uşaqlara ətraf mühit maraqsız olur. Halbuki, normal uşaqlarda belə hallar olmur. Övladında bu cür halları müşahidə edən valideyn mütləq həkimə müraciət etməlidir: “Autizm xəstələri ilə loqoped, psixoloq və terapevt məşğul olmalıdır. Bu üç mütəxəssisin dəstəyi ilə autik xəstələrə müəyyən davranış qaydaları öyrədilir. Süni yolla beyinlərində reflekslər yaradılır. Bu zaman autiklər, heç olmasa, özlərini idarə etməyi bacarmalıdırlar. Daim onların ətrafında bir insan olmalıdır. Autizm xəstəsi ilə məşğul olan psixoloq uşaqlara nəvazişlə yaxınlaşmalıdır. Autistlər xüsusi qayğıyla əhatə olunmalı uşaqlardır. Onlarla məşğul olmaq böyük səbr tələb edir, özünü psixoloq adlandıran hər kəs bu uşaqlarla məşğul ola bilməz. Danılmaz faktdır ki, bu gün istənilən şəxs özünə bir ofis açıb, psixoloq kimi fəaliyyət göstərir”.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər