44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun şanlı qələbəsi ilə başa çatdı. Bu tarixi zəfərin əldə olmasında astaralı oğlanların da payı çoxdur. Rayon sakinləri Vətən yolunda canından keçən igidlərini həmişə müqəddəs varlıq kimi xatırlayır, onların adını iftixarla çəkirlər.
Bu günlər isə Astara Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşları Vətən müharibəsində erməni faşistlərə qarşı qəhrəmancasına vuruşub şəhidlik zirvəsinə ucalan Ruslan Aslan oğlu Əliyevin, Şahnur Şahin oğlu Hüseynovun, Sadiq Şahin oğlu Bağırzadənin məzarlarını ziyarət edərək, önünə tər gül dəstələri qoyub, əziz xatirələrinə dərin ehtiramlarını bildiriblər.
Müharibə zamanı haqq savaşımızda göstərdikləri qəhrəmanlığa görə ölümündən sonra Ruslan Əliyev “Vətən uğrunda” medalı, Şahnur Hüseynov “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medalları, “Azərbaycan Bayrağı” ordeni, Sadiq Bağırzadə isə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü