Uşaqlıq və məktəbəqədər yaş dövrü nəinki uşağın, həmçinin insan həyatının çox mühüm dövrüdür. Məhz bu dövrdə insanın sağlamlığı, onun xarakterinin və şəxsiyyətinin əsas cəhətləri formalaşır. Uşaqlıq dövründə qazanılan bilik, vərdiş və bacarıqlar böyük ölçüdə insanın bütün qalan ömrünü müəyyən edir.
Müasir dövr insanın qarşısında daha çox tələblər qoyur. Ona görə də uşağın inkişafı nə qədər tez başlansa, bir o qədər də həm məktəbdə, daha sonra karyera və ümumiyyətlə həyatda uğur qazanması asanlaşar. Məktəbqədər hazırlıq kiçik yaşlarından uşaqda ətraf aləmə maraq yaradır, biliklərə və qarşıya qoyulmuş tapşırıqlara müstəqil həll yolu axtarmağa meyl formalaşdırır.
Rəsmi məlumatlara görə, hazırda 123 min körpə uşaq bağçalarında təlim-tərbiyə prosesinə cəlb edilib. Məlumdur ki, özəl bağçalara gedən uşaqlar, dövlət bağçalarından fərqli olaraq, daha çox aylıq ödəniş edir. Dövlət bağçalarında çalışan şəxslər uşaq üçün aylıq ödəniş tələb edir. Ancaq dövlət bağçalarında aylıq ödənişin tələb edilməsi düzgün deyil. Çünki qanunvericilikdə dövlət bağçalarında uşaq üçün ödəniş nəzərdə tutulmayıb.
“Dövlət hər bir uşaq üçün tam qida menyusunu göndərir, təlim-tərbiyə prosesində iştirak edən şəxslərin aylıq əmək haqlarını ödəyir”
Təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, dövlət bağçalarında aylıq ödəniş nəzərdə tutulmayıb: “Məlumdur ki, bağçalar 2011-ci ildə ölkə prezidentinin sərəncamı ilə İcra Hakimiyyətlərinin balansına verildi. Və biz bu 10 il ərzində bağçalarda ciddi problemlər gördük. Uşaqların bağçalara qəbulunda problemlar var idi. Valideynlər müraciət edəndə yer yoxdu deyilirdi. Ancaq pul verən kimi yerlər açılırdı. İşə qəbul prosesində şəffaflıq təmin edilmirdi, ciddi qüsurlar var idi. Ən əsas problem də dövlət tərəfindən müəyyənləşdirilmiş qida menyusunun tam olaraq uşaqlara çatdırılmaması idi. Qeyd edim ki, hazırda 1693 dövlət uşaq bağçası fəaliyyət göstərir və dövlət hər bir uşaq bağçasında olan uşaq üçün günlük 1,7 manat həcmində menyu müəyyənləşdirir. Bu o deməkdir ki, dövlət uşaq bağçaları tamamilə pulsuzdur, valideynlərdən hər hansısa bir məbləğ tələb edilə bilməz. Dövlət hər bir uşaq üçün tam qida menyusunu göndərir, təlim-tərbiyə prosesində iştirak edən şəxslərin aylıq əmək haqlarını ödəyir. Yəni hər hansısa məbləğin tələb edilməsi əsassızdır. Bu, bağçalara nəzarət edən qurumun rüşvət almağından başqa bir şey deyil. Heç bir uşaq bağçası valideynlərdən aylıq pul ala bilməz və almamalıdır. Çünki qidadan tutmuş bütün lazım olan avadanlıqların hər birinə qədər dövlət öz vətəndaşı üçün, öz şağirdi üçün ayırır. Bu pul tələbləri tamamilə əsassız və qanunsuzdur”.
Günel CƏLİLOVA